SİYASƏT
Misirin diplomatik portalı Azərbaycanın haqq işi ilə əlaqədar silsilə materiallar yayıb
Qahirə, 30 oktyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” diplomatik portalı Azərbaycan xalqının Vətən müharibəsi haqqında silsilə xəbərlər və fotomateriallar yayıb.
Portalın baş redaktoru, tədqiqatçı-jurnalist Əşrəf Əbu Urafə bildirib ki, sentyabrın 27-dən etibarən onun rəhbərlik etdiyi kollektiv Azərbaycanın haqq işi ilə əlaqədar xəbərləri diqqət mərkəzində saxlayır. Məqalə və xəbərlərin hazırlanmasında səfirliyin mətbuat xidməti ilə sıx əməkdaşlıq şəraitində çalışdıqlarını, həmçinin AZƏRTAC-ın ərəb və ingilis dillərində buraxılan materiallarından istifadə olunduğunu qeyd edən jurnalist vurğulayıb ki, portalda Prezident İlham Əliyevin müsahibələri və xalqa müraciətləri, Azərbaycanın Misirdə və digər ərəb ölkələrindəki diplomatlarının, azərbaycanlı alimlərin və jurnalistlərin rəyləri də təqdim olunur.
Qeyd edək ki, son iki gün ərzində portalda beynəlxalq hüquq təşkilatlarının Ermənistanın Bərdə şəhərinə qadağan olunmuş kasetli bombalar atması barədə bəyanatları, Prezidentin köməkçisi-Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatı, Azərbaycan Ordusunun Ermənistanın Bərdədə qətlə yetirdiyi günahsız insanların qisasını döyüş meydanında alması, ölkəmizdəki diplomatik korpusun Bərdə və Tərtər şəhərlərinə səfəri ilə əlaqədar məqalə və xəbərlər yerləşdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə