DÜNYA


Misirin ən böyük “Zöhr” qaz yatağında hasilat 6 dəfə artıb

Qahirə, 13 sentyabr AZƏRTAC

Misirdə cari ilin yanvarından istifadəyə verilən ən böyük “Zöhr” qaz yatağında hasilat 6 dəfə artaraq gündəlik 9,2 milyon kubmetrdən 56,6 milyon kubmetrə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Misirin neft və təbii ehtiyatlar naziri Tarik əl-Mulla “Zöhr” qaz yatağı ərazisindəki qaz emalı kompleksinə İtaliyanın “Eni” neft-qaz konserninin rəhbəri Klaudio Deskalzi ilə birlikdə baş çəkərkən söyləyib.

Onun sözlərinə görə, “Zöhr” yatağında hasilatın artırılması Misirin özünü mavi yanacaqla təmin etməsi planının həyata keçirilməsinə kömək edəcək. “Bu layihənin yerinə yetirilməsində qazanılan böyük nailiyyətlər Misir iqtisadiyyatının inkişafına güclü təkan verəcək və beynəlxalq neft şirkətlərini ölkənin neft-qaz ehtiyatlarının işlənməsi layihələrində iştirak etməyə həvəsləndirəcək”, - deyə Tarik əl-Mulla vurğulayıb.

Nazir “Eni” şirkəti ilə əməkdaşlığı və onun ölkə ərazisindəki fəaliyyətini yüksək qiymətləndirib. Bu şirkət Misirdə “Əbu-Madi”, “Balaim” və “Nouras” kimi mühüm yataqları kəşf edib.

“Eni” konserninin rəhbəri Klaudio Deskalzi bildirib ki, bu nəhəng layihənin həyata keçirilməsində Misir və İtaliya arasında möhkəm münasibətlərin, habelə iki ölkənin neft şirkətləri arasında əməkdaşlığın böyük rolu olub. Onun sözlərinə görə, “Zöhr” layihəsi üzrə işlərin həcminin 80 faizini Misir şirkətləri yerinə yetirib. Bu, onların səriştəsinin və qabaqcıl texnologiyaları uğurla mənimsəməsinin bariz nümunəsidir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.