MƏDƏNİYYƏT
Misirin iki qeyri-maddi mədəniyyət nümunəsi UNESCO-nun siyahısına daxil edilib
Qahirə, 17 sentyabr, AZƏRTAC
Misirin daha iki qeyri-maddi mədəniyyət nümunəsi – Tahteb (palma çubuğu ilə rəqs) və “Araqoz” əl emalı kuklaları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Bu barədə Misir Mədəniyyət Nazirliyindən AZƏRTAC-a daxil olmuş mətbuat açıqlamasında bildirilir.
Qeyd olunur ki, sentyabrın 16-da Misirin Mədəniyyət naziri İnes Əbdel-Dayim UNESCO-nun Baş direktoru Odri Azulayın imzası ilə müvafiq sertifikatı qəbul edib. O, misirlilər üçün qiymətli olan bu qədim mədəniyyət nümunələrinin siyahıya daxil edilməsindən qürur duyduğunu bildirib. Nazir əlavə edib ki, Misir xalqının milli-mədəni kimliyinin mühüm bir hissəsi olan bu nümunələr UNESCO-nun 2003-cü il tarixli Konvensiyasına uyğun olaraq qorunacaq və bütün dünyada təbliğ ediləcək.
Misirin son mədəniyyət nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi prosesində Ərəb Liqası Təhsil, Mədəniyyət və Elm Təşkilatı (ALESCO) da fəal iştirak edib.
Qeyd edək ki, siyahıya daxil edilmiş əl emalı kuklaları Misirdə Osmanlı imperiyası dövründə kukla teatrında istifadə edilib. Hazırda Türkiyədə bu kuklalardan biri “Alagöz” adı ilə uşaqların sevimli personajıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə