MƏDƏNİYYƏT
Misirin qədim abidələri ICESCO-nun irs portalında nümayiş etdiriləcək
Qahirə, 1 iyul, AZƏRTAC
Misirin qədim abidələri və muzeyləri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) irs portalında, habelə “Rəqəmsal Evi” vasitəsilə nümayiş etdiriləcək.
Bu barədə Misirin Turizm və Qədim Abidələr naziri Xalid əl-Ənani və ICESCO-nun Baş direktoru Salim əl-Malik arasında videokonfrans vasitəsilə keçirilən müzakirələrdə məlumat verilib.
Misirin Turizm və Qədim Abidələr Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, misirli nazir ICESCO və UNESCO-nun Qahirədə regional mərkəzinin açılması təklifini irəli sürüb. O qeyd edib ki, həmin mərkəz mədəni irs nümunələrinin qeyri-leqal ticarətinin qarşısını almaq istiqamətində fəaliyyət göstərə bilər. Bundan başqa, ICESCO-nun Baş direktoru və Misirin naziri qədim abidələrin mühafizəsi, sənədləşdirilməsi və bərpası üzrə əməkdaşlıq barədə razılıq əldə ediblər. Qeyd olunub ki, yaxın vaxtlarda istifadəyə veriləcək möhtəşəm Böyük Misir Muzeyində fəaliyyət göstərəcək qədim abidələrin bərpası üzrə mərkəz İslam dünyasında ən təcrübəli mütəxəssisləri cəlb edəcək.
Müzakirələrdə Misirin Dünya İrs Siyahısında olan abidələrinin ICESCO-nun İslam Dünyası İrs Siyahısında yer alması, həmçinin Böyük Misir Muzeyinin binasının təşkilatın Müasir Memarlıq İrsi Siyahısına daxil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, tərəflər mədəni irs abidələrinin qanunsuz ticarətinin qarşısını almaq məqsədilə bir neçə İslam ölkəsi və beynəlxalq ekspertlərdən ibarət kiçik işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə