DÜNYA


Misirin və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qahirə, 10 yanvar, AZƏRTAC 

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.

AZƏRTAC xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.

M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.

ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.

Misirin xarici işlər naziri Sameh Şükri də iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, onun ölkəsi terrorçuluqla mübarizə sahəsində qarşılaşdığı problemlərin həllində ABŞ-ın dəstəyini yüksək qiymətləndirir. S.Şükri əlavə edib ki, bu il 2+2 formatında görüşün keçirilməsi vacibdir. Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı maraq kəsb edən məsələlər, xüsusən Suriya, Liviya və Yəməndə vəziyyət müzakirə olunub, habelə Fələstinlə İsrail arasında sülhə nail olunmasının vacibliyi vurğulanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.