DÜNYA
Misirlə Qətər arasında əlaqələrin bərpası üzrə danışıqlar aparılır
Qahirə, 9 mart, AZƏRTAC
Bu ilin yanvarında Körfəz ölkələri ilə Qətər arasında diplomatik və iqtisadi əlaqələrin bərpasına dair imzalanmış “AIUla Bəyannaməsi”nin şərtlərinə uyğun olaraq, rəsmi Dohanın nümayəndələri Qahirədə danışıqlar aparırlar.
AZƏRTAC xəbər verir ki, yaxın günlərdə iki ölkənin xarici işlər nazirlərinin Qahirədə keçiriləcək görüşündə Qətərlə Misir arasında diplomatik əlaqələrin bərpası müzakirə ediləcək. Daha sonra Doha ilə Qahirə arasında birbaşa aviareyslərin həyata keçirilməsi və iqtisadi-ticari əməkdaşlıq sahələrində ilkin addımlar atılacaq. Artıq Qətərin dövlət sərmayə fondları Misirin turizm sektoruna qoyulacaq investisiya layihələrini təqdim edib.
Bu arada, Qətərlə dost münasibətləri olan Türkiyə də Misirlə problemlərin həlli istiqamətində danışıqlara hazır olduğunu bəyan edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Ankara ərəb dünyasının “ürəyi” olan Misirlə Şərqi Aralıq dənizi və Liviyada vəziyyətlə bağlı danışıqlar aparmağa hazırdır. O əlavə edib ki, Türkiyə ilə Misir arasındakı problemlərin həlli hər iki ölkənin, habelə regionun maraqlarına uyğundur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə