İQTİSADİYYAT


Misirlə iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Bakı, 27 iyul, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirin birinci müavini Misirlə əlaqələrə önəm verildiyini vurğulayıb, bu ölkənin İnqilab Günü münasibətilə İhab Nasrı təbrik edib. Qeyd olunub ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, Misirlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə önəm verilir.

Bu sahədə əlverişli platforma olan Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilmiş sonuncu iclasında imzalanmış sənədlər işgüzar dairələr arasında tərəfdaşlığın inkişafına xidmət edir.

Bununla yanaşı, iş adamlarının birbaşa əlaqələrinin qurulması, tərəfdaşlığın inkişafı baxımından biznes forumların, ticarət missiyalarının təşkili, sərgilərdə qarşılıqlı iştirak əhəmiyyətli tədbirlərdir.

İnvestisiya əməkdaşlığı barədə danışan Elnur Əliyev iqtisadiyyatın digər sahələri ilə yanaşı, Misir iş adamlarını işğaldan azad olunmuş ərazilərimizdə layihələrin həyata keçirilməsində iştiraka dəvət edib.

Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.