SİYASƏT
Misirli iş adamı: Bakı müasir və gözəl göydələnləri ilə Nyu-Yorka və Dubaya bənzəyir
Qahirə, 30 oktyabr, AZƏRTAC
Misirin nüfuzlu iş adamlarından sayılan, eyni zamanda, geniş oxucu kütləsinə malik “Əl-Masry Əl-Yaum” qəzetinin təsisçisi Salah Diyabın Azərbaycana səfəri ilə bağlı təəssüratlarının əks olunduğu məqaləsi bu qəzetdə dərc edilib.
Müəllif Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərdən çox məmnun qaldığını yazır.
Əvvəllər Azərbaycan haqqında məlumatı olmadığını qeyd edən iş adamı Bakının gözəlliyindən söhbət açır. O, Heydər Əliyev Beynəlxalq Aeroportunun dünya hava limanları arasında ən gözəl və müasir aeroportlardan biri olduğunu vurğulayır. Müəllif yazır ki, Bakıdakı müasir və gözəl dizaynla bəzədilmiş göydələnləri görəndə bir tərəfdən onu Nyu-Yorka və Dubaya bənzədirsən, şəhərin mərkəzinə yaxınlaşdıqca isə tamamilə fərqli bir mənzərənin – müasirliklə yanaşı, qədimliyin də şahidi olursan. Bu mənzərə Qahirənin mərkəzində yerləşən “Qusur Abidin”lə oxşardır.
Müasirliyi və zəngin mədəniyyəti əks etdirən Bakıda binaların memarlıq üslubunun onu heyrətə gətirdiyini diqqətə çatdıran iş adamı Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini, təbii sərvətlərlə zəngin olduğunu, əhalisinin sayının on milyona çatdığını, ölkədə insanların rifahının yüksək olduğunu, qeyri-neft sektorunun inkişaf etdiyini vurğulayır.
Məqalədə Azərbaycanda dövlət-din münasibətlərinin çox gözəl şəkildə tənzimləndiyi diqqətə çatdırılır. Eyni zamanda, ölkədə keçirilən beynəlxalq tədbirlərdən bəhs edilir.
Asya Hacızadə
AZƏERTAC-ın xüsusi müxbiri
Qahirə