SİYASƏT
Misirli jurnalist Azərbaycanın Qələbəsi haqqında analitik məqalə ilə çıxış edib
Qahirə, 12 noyabr, AZƏRTAC
Misirin nüfuzlu “Əl-Əhram” qəzetinin müxbiri Mahmud Diab “Nile1” informasiya portalında Azərbaycanın müharibədə qazandığı şanlı Qələbəsi haqqında analitik məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Dağlıq Qarabağda nizamlamaya dair razılaşma. Azərbaycan böyük Qələbəni necə qazandı və Rusiya Ermənistandan nə üçün imtina etdi?” sərlövhəli məqalədə sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusunun cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etməsi, noyabrın 10-da imzalanmış bəyanatın şərtləri, işğalçı Ermənistan hökumətinin rüsvayçı məğlubiyyətinin səbəbləri geniş təhlil olunur.
Prezident İlham Əliyevin çıxışları və müsahibələrinə geniş yer verən müəllif qeyd edib ki, Azərbaycanın dövlət başçısı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi dünyaya əsl sərkərdəlik nümunəsi göstərib.
Məqalədə məğlub və rüsvay olmuş Paşinyanın Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı bəyanatı kamera qarşısında deyil, gizli imzalaması barədə dövlətimizin başçısının sözləri də sitat gətirilib. Müəllif, həmçinin Rusiyanın müharibənin dayandırılmasında rolu, münaqişənin yenidən alovlanması ehtimalı, Ermənistanda davam edən iğtişaşlar barədə fikirlərini yazıb və qeyd edib ki, məğlub Ermənistanı gələcəkdə bütün sahələrdə ağır günlər gözləyir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə