SİYASƏT
Misirli jurnalist: Təsəvvür etdiyimizdən daha gözəl Azərbaycan gördük
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycana ilk dəfədir səfər edirik. Bundan əvvəl ölkəniz haqqında oxumuşduq və müəyyən qədər məlumatlı idik. Amma burada olduğumuz müddətdə təsəvvür etdiyimizdən daha gözəl Azərbaycan gördük.
Bu fikirləri ölkəmizdə səfərdə olan Misirin nüfuzlu KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin başçısı, “Əxbar əl-yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad AZƏRTAC-a müsahibəsində bildirib.
Misirli qonaq Azərbaycanın islam həmrəyliyinə mühüm töhfə verdiyini yüksək qiymətləndirərək ölkəmizin bu sahədə nümunə olduğunu söyləyib. O deyib ki, burada müxtəlif dinlərin və məzhəblərin nümayəndələri arasında tolerantlıq mühitinin mövcud olması, qardaşlıq və vəhdət şəraitində yaşamaları din-dövlət münasibətlərini düzgün tənzimləyən Azərbaycanın uğurudur.
Hazırda regionun məzhəblərarası toqquşmalar girdabına çevrildiyi bir dövrdə Azərbaycanda hər mənada sabitlik hökm sürməsindən sevindiklərini dilə gətirən misirli baş redaktor ziyarət etdikləri Heydər məscidində və digər məscidlərdə ibadət zamanı şiələrlə sünnilər arasında vəhdətin şahidi olduqlarını və bunun sabitliyin güclənməsində mühüm rol oynadığını vurğulayıb.