DÜNYA


Misirli memarlar İraqın məşhur məscidinin bərpası üzrə keçirilən müsabiqədə qalib olublar

Qahirə, 16 aprel, AZƏRTAC

UNESCO İraqın Mosul şəhərində “İslam dövləti” adlı terrorçu qruplaşma tərəfindən dağıdılmış məşhur Əl-Nuri məscidinin bərpası üzrə müsabiqə keçirib.

AZƏRTAC xəbər verir ki, 8 memardan ibarət misirli qrupun hazırladığı layihə müsabiqənin qalibi olub.

Təşkilatın ötən ilin noyabrında elan etdiyi müsabiqədə müxtəlif ölkələrdən tanınmış memarlar iştirak ediblər. Onların layihələri 123 mütəxəssisdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Səlahəddin Haridinin rəhbərlik etdiyi Misirin memarlar qrupu müsabiqənin qalibi elan olunub. Onlar 50 min dollar mükafat alacaqlar. Jürinin qərarında qeyd olunub ki, terrorçuların 2017-ci ildə dağıtdığı məscid binasının yeni layihəsində köhnə binanın görkəmi qorunub saxlanılsa da, yeni memarlıq elementləri əlavə edilib. Belə ki, məscidin daha çox işıqlandırılması və ibadət zalının daha geniş olması təmin edilib, həyətdəki bağça xüsusi zövqlə işlənilib.

Əl-Nuri məscidi Böyük Səlcuk imperiyası dövründə Mosul atabəyi Nurəddin Mahmud Zənginin zamanında tikilib. XII əsrin yadigarı olan bu tarixi abidə 1511-ci ildə Səfəvi dövləti tərəfindən bərpa olunmuşdu.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.