SİYASƏT
Misirli politoloq: Azərbaycanda yüksək etimadın və xalqın qürurunun şahidi oldum
Qahirə, 20 iyun, AZƏRTAC
Hazırda Küveytdə fəaliyyət göstərən misirli yazıçı və politoloq Camal Əbul-Həsən IX Qlobal Bakı Forumundakı təəssüratlarını Misirin “Əl Masr Əl Yom” qəzetinə yazdığı “Azərbaycan: Strateji təmkin” sərlövhəli məqaləsində bölüşüb.
AZƏRTAC xəbər verir ki, Bakıda insanların öz Prezidentinə yüksək etimadı və xalqın İkinci Qarabağ müharibəsində Qələbə ilə bağlı qürur hissi keçirdiyinin şahidi olduğunu qeyd edən müəllif Azərbaycanın təmkinli strategiyası sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunduğunu diqqətə çatdırıb. O bildirib ki, uzun müddət iqtisadi gücünü artıran və dünyada böyük nüfuz qazanan Azərbaycan məhz təmkinli uzaqgörən siyasət nəticəsində bu uğura nail olub, ildırımsürətli müharibədə düşməni kapitulyasiya etməyə məcbur edib. “Bu, hərbi standartlar baxımından bir qədər sürpriz oldu. Bölgə əsasən Asiya, Avropa və Yaxın Şərqin qovuşduğu yerdə yerləşən dağlıq ərazilərdən ibarətdir. Ermənistanın hündürlükdən müdafiədə üstünlüyü vardı və buna baxmayaraq, azərbaycanlılar qələbə qazandılar. Hərbi ekspertlər bu müharibəni gələcək müharibələrin necə olacağının nümunəsi kimi dəyərləndiriblər”, - deyə C.Əbul-Həsən vurğulayıb.
Müəllif daha sonra yazıb: “Biz neft kapitalını insan kapitalına çevirməyə müvəffəq olduq”, - Azərbaycanda yüksək vəzifəli məmurlardan biri deyir. Azərbaycan neft və qazla zəngin ölkədir. Onun Avropaya çatan, Gürcüstan və Türkiyədən keçərək İtaliyada başa çatan strateji əhəmiyyətə malik qaz kəməri var. Siyasi müdriklik və rasional idarəetmə olmadan neft qütbləşmənin dərinləşməsinə və ölkədə siyasi qarşıdurmaların səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Aydındır ki, neft sərvətindən istifadə etməyin ən yaxşı yolu onu kadrlara sərmayə qoymaqla, qlobal rəqabət standartlarına uyğun uğur qazana bilən insanlar yetişdirməklə “insan sərvətinə” çevirməkdir. Bu, Birləşmiş Ərəb Əmirliklərinin tutduğu və bu gün də Səudiyyə Ərəbistanının getdiyi yoldur”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə