SİYASƏT
Misirli politoloq: Ermənistanın hərbi təxribatı beynəlxalq ictimaiyyəti hərəkətə gətirməlidir
Qahirə, 13 iyul, AZƏRTAC
Ermənistanla Azərbaycan arasında müharibənin yenidən alovlanması Cənubi Qafqaz regionu üçün ağır fəlakətlərə səbəb ola bilər. Azərbaycanın beynəlxalq miqyasda tanınmış Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində sülh danışıqları davam etməli və beynəlxalq təşkilatlar bu məsələyə daha ciddi yanaşmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Misirin tanınmış politoloqu, Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan əl-Şeyx söyləyib.
O vurğulayıb: “İyulun 12-də Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən hərbi təxribat və dörd nəfər azərbaycanlı hərbçinin həlak olması BMT və beynəlxalq ictimaiyyəti hərəkətə gətirməlidir. Onlar bu təhlükəli situasiyaya daha ciddi münasibət bildirməlidirlər. Xüsusən, COVID-19 pandemiyası dövründə - bəşəriyyətin bu fəlakətlə mübarizə apardığı bir vaxtda atəşkəsə əməl etmək olduqca mühümdür. Qan tökülməsi yolverilməzdir. Onu da vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Beynəlxalq hüquq normalarına uyğun olaraq, sərhədlərin toxunulmazlığı başlıca şərt kimi götürülməlidir. Əks halda, münaqişənin davam etməsi yeni fəlakətlərlə nəticələnə bilər.
Misirli xanım politoloq döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin ailələlərinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə