SİYASƏT
Misirli politoloq: Ermənistanın qeyri-konstruktiv mövqeyi arzuolunmaz nəticələr doğura bilər
Qahirə, 24 dekabr, AZƏRTAC
Ermənistan xarici işlər nazirinin Moskvada rusiyalı və azərbaycanlı həmkarları ilə növbəti müzakirələrdən imtina etməsi regional sülhün və təhlükəsizliyin bərqərar olması baxımından çox yanlış bir addımdır. Müharibədə məğlub olmuş ölkə daha konstruktiv davranmalı, zəif orduya malik olduğu halda yeni silahlı münaqişədən qaçmalıdır. Bunun əksinə olaraq, qalib ölkə olan Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın bərpa olunmasına səy göstərir. Ermənistanın münaqişə alovunu körükləmək ritorikasını anlamaq çətindir və onun bu mövqeyi arzuolunmaz nəticələr doğura bilər.
Bu fikirləri Qahirə Universitetinin professoru, politoloq Nurhan əl-Şeyx AZƏRTAC-a müsahibəsində söyləyib. O əlavə edib: “Siyasət elmi, ilk növbədə, reallıqlara söykənir. 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş və Azərbaycanın Qələbəsi ilə qurtarmış müharibədən sonra yeni regional reallıqlar yaranıb. Moskva və Qərb də bu geosiyasi reallıqdan çıxış edərək tərəflər arasında vasitəçilik edirlər. Lakin Ermənistandan tamamilə ziddiyyətli bəyanatlar gəlir. Gah sülh sazişinin imzalanması istiqamətində çağırışlar edilir, gah da revanşist şüarlar səslənir. Düşünürəm ki, bu, qeyri-ciddi və ilk növbədə, ermənilərin maraqlarına zərbə vuracaq bir xaotik vəziyyətdir. Yəqin ki, zəif hakimiyyət və çaşqınlıq Ermənistanın vahid və yekdil mövqe sərgiləməsinə mane olur. Azərbaycan son iki ildə Laçın dəhlizini açıq saxlayıb və əvəzində Naxçıvana dəhliz açılmasını tələb edir. Bu, tamamilə məntiqli bir mövqedir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığa böyük təkan verməklə yanaşı, Ermənistanın da iqtisadi inkişafına şərait yaradacaq. Lakin yuxarıda da qeyd etdiyim kimi, ermənilərin ziddiyyətli bəyanatları, müzakirələrdən imtina etmələri vəziyyəti mürəkkəbləşdirir”.
Misirli politoloq daha sonra vurğulayıb: “Mən uzun illərdir Rusiya və MDB ölkələri üzrə siyasi tədqiqatlar aparıram və Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləyirəm. Ermənistan bir tərəfdən özünün ərazi bütövlüyünün təhlükə altında olduğunu iddia edir, digər tərəfdən isə Moskvanı Azərbaycanın suveren ərazisində hüquqlarını tanımaq barədə bəyanatlarına qarşı çıxır. Burada məntiqli bir sual doğur; otuz ilə yaxın qonşu ölkənin ərazilərini işğal altında saxlayan ermənilər niyə həmin dövrdə başqasının torpaqlarından çıxmaq istəmirdilər? Onlar bunu yalnız müharibədə məğlub olduqdan sonra etməyə məcbur oldular. Həmin illərdə BMT TŞ-nin qətnamələrini icra etməkdən imtina edən Ermənistan, təəccüblü olsa da, indi beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır, rəsmi Bakını ittiham edir. Burada bir çıxış yolu var. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi bu ölkənin qanunlarını qəbul etməli, eyni zamanda, Ermənistan da qonşu Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Dayanıqlı sülhə nail olmağın başqa yolu yoxdur”.
Nurhan əl-Şeyx sonda qeyd edib: “Ermənistan rəhbərliyi Qərbə, beynəlxalq təşkilatlara ümid etmək yerinə, qonşu Azərbaycan və Türkiyə ilə etimad körpüsü qurmalıdır. Əks halda, vəziyyət daha çıxılmaz hala gələ bilər və revanşizm ciddi fəsadlar yaradar. Azərbaycan və Ermənistan xalqlarının dayanıqlı sülhə və tərəqqiyə ehtiyacı var. Ümidvaram ki, rəsmi Bakının səyləri nəticəsində tezliklə buna nail olunacaq”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə