ELM VƏ TƏHSİL
Misirli professor: Azərbaycanlı ədiblərin əsərlərini orijinaldan oxumaq istəyirəm
Qahirə, 28 iyul, AZƏRTAC
Misirli tədqiqatçı-alim, professor Raşa Ğanim Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dilini öyrənir.
Şərqşünaslıq elminin Azərbaycanda və dünyada aparıcı xadimi, görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında “Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi” adlı kitabın da müəllifi olan misirli xanım professor AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında deyib: “Azərbaycan mənim üçün əziz bir ölkədir. Dinimiz bir, adət-ənənələrimiz, məişətimiz, ən başlıcası qədim mədəni irsimiz çox yaxındır. Bu səbəbdən Azərbaycan səfirliyinin təşkil etdiyi bütün tədbirlərdə yaxından iştirak etmişəm və çıxışlarım olub. Görkəmli şərqşünas Aida İmanquliyeva haqqında kitab da ölkənizə sevgimdən ərsəyə gəlib.
Qeyd edim ki, Azərbaycan dilini öyrənməklə azərbaycanlı ədiblərin əsərlərini orijinaldan oxumaq niyyətindəyəm. Tədqiqatçı alimlər gözəl bilirlər ki, hər hansı yazıçı, elm xadiminin əsərini və ya folklor nümunəsini qələmə alındığı dildə mütaliə və tədqiq etmək daha mükəmməl monoqrafiyanın ortaya çıxmasında ən başlıca amildir. Digər tərəfdən, Azərbaycan və türk dilləri bənzərdir və onların arasında çox kiçik fərqlər var. Beləliklə, mən türk yazıçılarının və alimlərinin də əsərlərini oxuya biləcəyəm”.
Sonda xanım R.Ğanim ödənişsiz əsasda dil kursları təşkil edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirova təşəkkürünü bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə