SİYASƏT


Misirli professor: Azərbaycanlı jurnalistlərin həlak olması terror aktıdır

Misirli professor: Azərbaycanlı jurnalistlərin həlak olması terror aktıdır

Qahirə, 10 iyun, AZƏRTAC

Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşərək həlak olmasını terror aktı kimi qiymətləndirirəm. Bu, onilliklərdir davam edən erməni terrorunun daha bir təzahürüdür.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirin Həlvan Universitetinin professoru, publisist Adil Dərviş söyləyib. O deyib: “AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailələrinə, yaxınlarına, həmçinin onların çalışdıqları kollektivlərin üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Bildirmək istəyirəm ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərini minalaması və atəşkəs elan edildikdən 6 aydan çox keçməsinə rəğmən xəritələri təqdim etməməsi beynəlxalq hüquq normalarına ziddir. Həmin ərazilərdə mülki şəxslər minaya düşərək həlak olur, eyni zamanda, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi də ləngiyir. Ermənistan silahlı qüvvələrinin bu əməlləri beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Dinc əhalinin başına gətirilən müsibətləri, mülki şəxslərin, o cümlədən media nümayəndələrinin həlak olmasına son qoyulmalıdır. Bunun üçün terror aktlarına və hərbi təxribatlara rəvac verən Ermənistana qarşı sanksiyalar tətbiq edilməli, faciələrin baiskarları ən ağır şəkildə cəzalandırılamlıdır”.

Beynəlxalq təşkilatların müharibədə məğlubiyyətə uğrayan Ermənistanın təxribatları davam etdirməsinə göz yumması, hətta bəzi dövlətlərin erməniləri himayə etməsinin yolverilməz olduğunu da qeyd edən Adil Dərviş vurğulayıb: “Bu cür laqeyd münasibət terrorçu ölkəni daha da cəsarətləndirir. Yaxın tarixə nəzər salaq; Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etdi və BMT-nin məlum qətnamələrinə rəğmən, bu torpaqları boşaltmaqdan imtina etdi. Bununla yanaşı, 30 ilə yaxın müddətdə, atəşkəs rejiminin olduğu dövrdə belə ermənilər əvvəlki təmas xəttində təxribatlar törədərək azərbaycanlı hərbçiləri və mülki şəxsləri qətlə yetirdi. Beynəlxalq ictimaiyyət bu faktlara biganə yanaşdı, işğalçı ölkədən sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əməl etməsini tələb etmədi. Bunun nəticəsi olaraq, Azərbaycan növbəti erməni hərbi təxribatından sonra başlayan ədalətli müharibədə böyük Zəfər qazandı və torpaqlarını azad etdi. Hərb meydanında darmadağın olan erməni silahlı qüvvələri müharibədən sonra da revanşist əhval-ruhiyyəsi ilə təxribatları davam etdirir. Nəhayət, beynəlxalq təşkilatlar buna son qoymaq üçün qətiyyətli mövqe nümayiş etdirməlidir. Öz peşə fəaliyyətini icra edən jurnalistlər atəşkəs dövründə nəyə görə həlak olmalıdırlar? Ermənistanın regionda sülhə və təhlükəsizliyə təhdid olan əməlləri nə qədər davam edəcək? BMT də, İslam Əməkdaşlıq Təşkilatı da, ATƏT də buna son qoyulması istiqamətində təsirli tədbirlər görməlidirlər”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.