QAN YADDAŞI


Misirli professor: Şanlı Zəfər Xocalıya ilahi ədalətin rəmzi oldu

Qahirə, 19 fevral, AZƏRTAC

Bu il Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini Ermənistana qarşı müharibədə şanlı Zəfər şəraitində anır. Bu faciədən 29 il sonra işğal edilmiş torpaqlar, o cümlədən Qafqazın mədəniyyət incisi Şuşa şəhəri azad edilib. Bu şanlı Zəfər Xocalıya ilahi ədalətin rəmzidir.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirin Həlvan Universitetinin professoru Adil Dərviş söyləyib.

O əlavə edib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi Xocalı qətliamı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı ağır cinayətdir. Rəsmi rəqəmlərə görə, bu qırğında 106 qadın da daxil olmaqla 613 mülki şəxs erməni vəhşiliyinin qurbanı oldu. Xocalı şəhəri Qarabağ bölgəsinin ortasında yerləşir və bu bölgədə mühüm strateji bir əhəmiyyətə malikdir. Mən hələ sovet dövründə Azərbaycanda təhsil almışam və xalqınızın dostu kimi bu faciədən, dinc insanlara, xüsusən qadın və uşaqlara qarşı edilən bu vəhşilikdən sarsıldım. Həmin vaxtdan Qahirədə hər il Xocalı qurbanlarının xatirəsini anır, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb edirik. Bu il də beynəlxalq ictimaiyyət qarşısında həmin tələbi irəli sürəcəyik. XX əsrin ən ağır cinayətlərindən birinin təşəbbüskarları və icraçıları cəzasız qalmamalıdır. Yaxın tarixdə baş vermiş bu faciənin canlı şahidləri və kifayət qədər dəlil-sübutları mövcuddur. Ermənistanın keçmiş prezidenti Sarkisyan və digərləri də Xocalıda qətliam törədildiyi faktını etiraf ediblər”.

Misirli professor vurğulayıb ki, bu gün işğalçı Ermənistanın düşdüyü ağır vəziyyət məhz ilahi ədalətin qələbəsinin təzahürüdür. “Heç bir işğal əbədi ola bilməz, heç bir xalq öz xoşbəxtliyini və gələcəyini qonşularının faciəsi üzərində qura bilməz. Qarabağda son müharibədən sonra Azərbaycan xalqı öz lideri İlham Əliyevin rəhbərliyi ilə gələcəyə nikbin baxır, ermənilərin viran qoyduğu şəhər, qəsəbə və kəndlərin bərpasına başlayıb. Ermənistan isə daxili çəkişmələr və ağır böhranla çalxalanır”, -deyə A.Dərviş sözlərinə yekun vurub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.