CƏMİYYƏT


Misirli soydaşımız: Vətən müharibəsində hər gün səbirsizliklə Ali Baş Komandanın tvitlərini gözləyirdik

Qahirə, 8 oktyabr, AZƏRTAC

Dünyanın bir çox ölkələrində olduğu kimi, Misirdə yaşayan soydaşlarımız da 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimizin rəşadətli döyüş yolunu həyəcanla izləyib, mətbuatda, sosial şəbəkələrdə öz dəstəyini ifadə edib, Azərbaycanda yaşayan həmvətənləri ilə birlikdə Qələbə sevincini yaşayıblar. Uzun illərdir Misirdə yaşayan soydaşımız Ülviyyə Həşimova da onlardan biridir.

Soydaşımız xalqımızın tarixində şanlı dövr olan 44 günlük müharibədə keçirdikləri hissləri, Zəfər sevincini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

Ü.Həşimova deyib: “Hələ ötən ilin iyul döyüşlərindən sonra məndə qəribə bir hiss yaranmışdı. Mənə elə gəlirdi ki, tezliklə Qarabağımızı işğaldan azad edəcəyik. Müharibə başlayanda mən Qahirədən kənarda idim. Sübh vaxtı Ordumuzun erməni təxribatından sonra irimiqyaslı hərbi əməliyyata başladığını eşidəndə paytaxta qayıtdım. Çünki burada televiziya kanalları və internet vasitəsilə xəbərləri izləmək daha asandır. Deməliyəm ki, həmin 44 gün həyatımın ən uzun və həyəcanlı günləri idi. Hər şeyi unudub kompüter arxasında cəbhə xəttindən gələn xəbərləri gözləyir, onları sosial şəbəkələrdə yayırdım. Ən əsası, Ali Baş Komandanımızın tvitlərini böyük həyəcanla gözləyir, Ordumuzun yeni şəhər, kənd və qəsəbələri azad etməsi müjdələrini Prezidentimiz İlham Əliyevdən öyrənirdik. Qeyd edim ki, 15 ildən artıqdır ki, Misirdə turizm sektorunda çalışıram. Dünyanın bir çox ölkələrindən olan həmkarlarım və turist dostlarım var. Qərara aldım ki, onları düzgün məlumatlandırım və erməni yalanlarını ifşa edim. Həmin günlər və ondan sonra misirli dostlarıma və digər millətlərin nümayəndələrinə Azərbaycanımızın ədalətli mövqeyi, xalqımızın haqq işi barədə məlumat verirdim. Sosial şəbəkələrdə paylaşımlarımdan sonra onların bizə olan dəstək şərhlərini oxuyanda çox sevinirdim”.

Misirdə yaşayan soydaşımız 44 günlük müharibə zamanı erməni vəhşilikləri ilə bağlı fikirlərini də bildirib: “Mən də ailə üzvlərim, habelə dostlarım şəhid xəbərlərini göz yaşları ilə qarşılayırdıq. Lakin bizi ən çox dəhşətə gətirən erməni silahlı qüvvələrinin Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə raket hücumları nəticəsində mülki şəxslərin, uşaq və qadınların şəhid olması idi. Düşmənin bu vəhşilikləri barədə video və fotomaterialları fəal şəkildə yayırdıq. Misir və digər ərəb ölkələrindəki dostlarımız bu vəhşilikləri gördülər və onları lənətləyən şərhlər paylaşdılar.

Nəhayət, uzun illərin həsrətindən sonra Qarabağın qəlbi olan Şuşanın azad edilməsi və ardınca Qələbə xəbərini göz yaşları və sevinclə qarşıladıq. Həyatımda ilk dəfə dünyanın bütün ölkələrində azərbaycanlıların bu cür həmrəyliyinin şahidi oldum.

Şəhidlərimizin müqəddəs ruhları qarşısında ehtiramla baş əyir, qazilərimizin qəhrəmanlığı ilə fəxr edirəm. Misirdə yaşayan bütün soydaşlarımız kimi, mən də bütün dünyaya car çəkirəm: “Qarabağ Azərbaycandır!”

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.