DÜNYA
Misirli sülhməramlılar Malidə minaya düşüblər
Qahirə, 6 iyul, AZƏRTAC
BMT-nin Malidəki sülhməramlı kontingentinə (MINUSMA) məxsus olan avtomobilin minaya düşərək partlaması nəticəsində iki misirli əsgər həlak olub, 5-i ağır yaralanıb.
AZƏRTAC Misirin “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Malinin Tessalio rayonunda hərəkət edən avtomobil konvoyu hökumətə qarşı döyüşən silahlı qruplaşmanın basdırdığı minaya düşüb. Partlayan avtomobildə olanların hamısı Misir əsgərləri olub.
2013-cü ildə Maliyə göndərilmiş və tərkibində əsasən Şimali Afrika ölkələrinin əsgərləri olan BMT-nin sülhməramlı kontingentinin indiyədək 271hərbçisi həlak olub. Cəmi 13 280 əsgərdən ibarət olan bu missiyanın mandatı 2023-cü ilin avqustunda başa çatır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə