SİYASƏT


Misirli tədqiqatçı ermənipərəst media qurumunun Qarabağla bağlı iddialarını ifşa edib

Qahirə, 23 aprel, AZƏRTAC

Misirli tədqiqatçı və jurnalist Əhməd Əbdo Tərabik ermənipərəst medianın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi uğrunda apardığı Vətən müharibəsi və Hərbi Qənimətlər Parkı ilə bağlı ermənipərəst politoloq Maykl Rubinin “National İnterest” jurnalında dərc olunmuş məqaləsinə istinadla Londonda fəaliyyət göstərən “Əl-Qüds əl-Arabi” qəzetinin müxbirinin yalan məlumatlarını ifşa edib.

AZƏRTAC xəbər verir ki, misirli jurnalist “Nile 1” informasiya portalına yazdığı məqaləsində Azərbaycan Ordusunun başqa dövlətin ərazisində deyil, öz torpaqlarında işğala son qoymaq üçün hərbi əməliyyatlar apardığını vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoyulmasına dair dörd qətnaməsini yerinə yetirib. Bu səbəbdən beynəlxalq ictimaiyyət Azərbaycanın bu haqlı mübarizəsini ədalətli hesab edib. Ermənipərəst medianın “mübahisəli ərazi” adlandırdığı Qarabağ isə azərbaycanlıların əzəli torpağıdır. “Amerikalı politoloqun və ərəb jurnalistin beynəlxalq hüquqdan və tarixdən məlumatsız olmaları təəccüb doğurur. Əslində, onların iddiaları Ermənistanın törətdiyi cinayətlərə ortaq olması deməkdir”, - deyə misirli tədqiqatçı vurğulayır.

Məqalədə bildirilir ki, uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, nəinki Dağlıq Qarabağı, həmçinin ona bitişik yeddi rayonu işğaldan azad etmək istəməyən Ermənistan sadəlövhcəsinə Azərbaycanın zəif olduğu, öz torpaqlarını azad etməyə qadir olmadığı qənaətində idi. İşğalçı ölkə anlamırdı ki, Prezident İlham Əliyevin liderliyi ilə qüdrətli iqtisadiyyatı, güclü Ordusu və hər gün artan beynəlxalq nüfuzu olan bir dövlətlə qarşılaşmalı olacaq. Beynəlxalq güclərin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın müharibə zamanı neytral mövqe tutmaları da məhz Azərbaycanın haqlı olmasının səbəbi idi. Sonda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycan Ordusunun azad etdiyi rayonlardan əlavə daha üç rayonu da boşaltmağa razılaşdı. Beləliklə, 44 günlük müharibə ədalətin və beynəlxalq hüququn təntənəsi kimi tarixdə qaldı.

Hərbi Qənimətlər Parkı ilə bağlı ermənipərəst politoloqun və jurnalistin iddialarına gəldikdə isə, Tərabik Azərbaycanın bu addımının Qərbi Avropa və Rusiyada da bir çox analoqunun olduğunu qeyd edib. O yazıb: “Faşizm üzərində Qələbəni və əsgərlərin qəhrəmanlığını əbədiləşdirən muzeylər hamımıza məlumdur. Ədalətli müharibədə zəfər qazanan ölkələrin Qələbə paradı keçirməsi də ənənəvi haldır. Torpaqlarını işğaldan azad etmiş Azərbaycanın da buna haqqı var və canlarını fəda etmiş əsgərlərin rəşadətini əks etdirən muzey və ya parkın yaradılması yalnız hörmətə layiqdir”.

Məqalədə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar, Xocalı soyqırımı, tarixi mədəniyyət abidələrin və məscidlərin dağıdılması barədə faktlar da yer alıb. Müəllif sonda qeyd edib: “Qlobal informasiya dövründə dünya balaca kəndə çevrilib. İndi həqiqətlər daha sürətlə yayılır və yalanlar daha tez ifşa olunur. Ermənipərəst media orqanları isə yalan məlumatlarla erməniləri qızışdırmaq yerinə, onlara iqtisadi əməkdaşlıq üçün ən əlverişli region olan Cənubi Qafqazda konstruktiv mövqe nümayiş etdirməyi, kin və nifrətdən əl çəkməyi, qonşuları ilə dinc yanaşı yaşamağı məsləhət görməlidir”.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.