SİYASƏT
Misirli telejurnalist: Beynəlxalq ictimaiyyət işğalçı Ermənistana təzyiqi artırmalıdır
Qahirə, 13 oktyabr, AZƏRTAC
Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində Azərbaycanın haqq səsini ərəb dünyasına çatdıraraq, beynəlxalq ictimaiyyəti və təşkilatları işğala son qoymaq üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, telejurnalist “BMT və beynəlxalq insan hüquqları təşkilatları Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarına qiymət verməlidir” sərlövhəli məqaləsində Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirən Ermənistanın əsas hədəfinin mülki obyektlər və dinc əhali olduğunu qeyd edib. O bildirib ki, güclü iqtisadiyyata və qüdrətli orduya malik Azərbaycanın qarşısında məğlub olan işğalçı ölkənin barbarlıq aktları ərəb ölkələri, həmçinin beynəlxalq hüquq təşkilatları tərəfindən qətiyyətlə pislənməlidir. Ə.Məğribi vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasının yeganə yolu Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmasıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə