İDMAN
Misli Premyer Liqası: “Sabah” ardıcıl ikinci qələbəsini qazanıb
Bakı, 12 avqust, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, bu gün "Dalğa Arena"da "Zirə"-"Sabah" görüşü keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. Aktivində 3 xal olan "Zirə" isə 5-ci pillədədir.
Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 13-14-də keçiriləcək. Belə ki, avqustun 13-də “Sumqayıt” öz meydanında Ağdamın “Qarabağ” komandasını qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 18:20-də start götürəcək. Görüşün baş hakimi Tural Qurbanov olacaq. “Qarabağ” son beş oyunda qələbə qazanıb, Sumqayıt şəhər təmsilçisi isə son dörd matçda qol vura bilməyib.
Baş hakimi Rauf Allahverdiyev təyin edilən və “ASCO Arena”da keçiriləcək “Səbail”–“Turan Tovuz” oyununa saat 20:30-da start veriləcək. Bu komandalar indiyədək qarşılaşmayıblar.
“Qəbələ”–“Şamaxı” komandaları arasında matç isə avqustun 14-də təşkil olunacaq. Baş hakim Fərid Hacıyevin idarə edəcəyi Qəbələ şəhər stadionundakı oyun saat 18:20-də başlayacaq. “Qəbələ” ardıcıl yeddi qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Şamaxı” son dörd görüşdə qələbə qazanmayıb.
Tura “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Kəpəz” oyunu ilə yekun vurulacaq. Saat 20:30-da start veriləcək matçın baş hakimi Nicat İsmayıllı olacaq. “Neftçi” son üç matçda qalib gəlib. “Kəpəz” son dörd səfərdə qol vurmayıb.
Qeyd edək ki, cari çempionat altı illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və Premyer Liqada ilk dəfə VAR sistemindən istifadə olunur.