İDMAN
Mixail Malkin: Hədəfim Bakıdakı dünya çempionatında qızıl medal qazanmaqdır
Bakı, 19 noyabr, AZƏRTAC
Hədəfim Bakıda təşkil olunan dünya çempionatında qızıl medal qazanmaqdır.
Bunu Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatının tamblinq yarışlarında finala vəsiqə qazanan Azərbaycan idmançısı Mixail Malkin AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Çıxışından əvvəl həyəcanlı olduğunu vurğulayan M.Malkin bildirib: “Finala yüksəlməyi çox istəyirdim. Sevinirəm ki, bunu bacardım. Dünya çempionatına ciddi hazırlaşmışam. Mundialdan əvvəl Stavropolda təlim-məşq toplanışında iştirak etmişəm”.
Əsas rəqiblərinin rusiyalı gimnastlar olduğunu bildirən təmsilçimiz deyib: “2019-cu ildə dünya kuboku yarışlarında ciddi zədə almışdım. Altı ay bərpa prosesi keçdim. Məşqlərə bu ilin yanvarından başladım. Üç ay sonra Soçidə təşkil olunan Avropa çempionatında çıxış etdim və bürünc medal qazandım”.
Qeyd edək ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.