CƏMİYYƏT


Mixail Şvıdkoy: Azərbaycan və Rusiya gəncləri arasında əlaqələr genişlənməlidir

Bakı, 22 iyun AZƏRTAC

İyunun 22-də Bakıdakı Rus Evində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoyun gənclərlə görüşü olub.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində bu görüşün əlamətdar bir tarixə - milyonlarla həmvətənimizin həyatına son qoymuş Böyük Vətən müharibəsinin başlandığı günə düşməsi qeyd edilib. Tədbir iştirakçıları Vətənin müdafiəsi zamanı həlak olmuş qəhrəmanların xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

Sonra Mixail Şvıdkoy çıxış edib. O qeyd edib ki, iyunun 22-si həm Azərbaycanın, həm Rusiyanın, həm də bir vaxtlar Sovet İttifaqının tərkibinə daxil olan bütün xalqların həyatında xüsusi bir gündür.

RF Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb: “Hər bir müharibə faciədir. Bunu anlamayan adamın ürəyində mərhəmət duyğusu yoxdur”.

Mixail Şvıdkoy Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin inkişafında söhbət açaraq deyib ki, əvvəllər bu əlaqələr təbii, üzvi şəkildə inkişaf edirdisə, bu gün obyektiv səbəblər üzündən bundan ötrü səy göstərmək lazımdır.

Rusiyalı diplomat deyib: “Mühit dəyişib, əlifba dəyişib, latın əlifbasına keçid baş verib – çox şey dəyişib. Biz başa düşürük ki, 1991-ci ildən sonra postsovet məkanında yaranmış hər bir ölkə öz həyatını yaşayır. Buna görə hər bir vətəndaş üçün layiqli, rahat həyat şəraiti yaradılması çox vacibdir. Taleyin qismətindən mənim tanış olduğum Heydər Əlirza oğlu Əliyev də deyirdi, İlham Heydər oğlu Əliyev də deyir ki, multikulturalizm Azərbaycan üçün çox vacib mövzulardan biri, ölkənin inkişafının əsaslarından biridir”.

Rusiyalı qonaq ümidvar olduğunu bildirib ki, Azərbaycan və Rusiya dövlətləri mövcud olduqca Azərbaycanda rus mədəniyyəti və Rusiyada Azərbaycan mədəniyyəti mövcud olacaq.

Tədbir iştirakçılarının suallarını cavablandıran Şvıdkoy belə bir aşkar faktı diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya gəncləri arasında əlaqələr genişlənməlidir. O deyib: “Biz ünsiyyətdə olan, ortaq layihələr üzərində birgə işləyən insanların fiziki sayını artırmalıyıq”.

Qonaq onu da qeyd edib ki, Rusiya mədəniyyətinin Avropa istiqamətlərinin mürəkkəbləşdiyi indiki vəziyyət Rusiyadan ən yaxşı artistləri Bakıya gətirməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.