REGİONLAR
Mixail Şvıdkoy: Gəncə daha böyük titullara layiq şəhərdir
Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik Gəncə, həmçinin bəşəriyyətə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və neçə-neçə tarixi şəxsiyyətlər bəxş edib. Bu şəhər nəinki MDB-nin Mədəniyyət Paytaxtı olmağa, daha böyük titullar daşımağa layiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılış mərasimində çıxışı zamanı MDB-nin üzvü olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Açılış mərasiminin Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan M.Şvıdkoy bildirib ki, bu böyük və möhtəşəm park kompleksi, əzəmətli mərkəz gəncəlilərin elmə, mədəniyyətə, ən başlıcası isə Ümummilli Liderə, onun ideyalarına sadiqliyinin parlaq nümunəsidir.
“Ötən əsrin 20-ci illərindən başlayaraq iqtisadiyyatda dağ-mədən, metallurgiya, maşınqayırma, yeyinti və yüngül sənayenin ayrı-ayrı sahələri ilə tanınan Gəncə keçmiş ittifaq şəhərləri arasında böyük nüfuza malik olub. Gəncənin ən böyük uğurları Heydər Əliyevin Azərbaycanda birinci katib olduğu dövrlərə təsadüf edib. Məhz həmin vaxtlarda şəhərdə iri istehsal müəssisələri fəaliyyətə başlayıb, yeni-yeni yaşayış massivləri salınıb, bir sıra mədəniyyət mərkəzləri istifadəyə verilib. Həmçinin şəhərin elm-təhsil müəssisələrində SSRİ miqyasında böyük nüfuza malik görkəmli alimlər yetişib”, - deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.
Bir il ərzində Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı titulunu daşıyacağına görə şəhər sakinlərini təbrik edən M.Şvıdkoy sülhsevər siyasəti ilə ölkələr və xalqlar arasında dostluq münasibətlərinə hər zaman töhfə verməyə çalışan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.