İDMAN
Mixal Bilek: Bizi evdə daha ağır oyun gözləyir
Bakı, 18 avqust, AZƏRTAC
Bu qarşılaşmada əsas taktikamız müdafiə olunmaq idi. Rəqibə böyük hörmətimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında bildirib.
Baş məşqçi nəticədən razı qaldığını vurğulayıb: "Cavab matçına daha yaxşı hazırlaşmalıyıq. Bizi evdə daha ağır oyun gözləyir”.
Qapıda və müdafiə xəttində də inamlı oynadıqlarını qeyd edən Mixal Bilek, hətta qol imkanlarının da olduğunu bildirib. Çexiyalı baş məşqçi şansları bərabər dəyərləndirdiyini deyib. Qapıçı Yindrjix Stanekin kifayət qədər inamlı oyun göstərdiyini vurğulayan çexiyalı mütəxəssis onun Çexiyanın ən yaxşı qolkiperlərindən biri olduğunu söyləyib: “Düşünürəm ki, evdə də əla çıxış edəcək”.
Bilek onu da bildirib ki, azərbaycanlı azarkeşlər rəqib komandaya qarşı aqressivlik nümayiş etdirməyiblər. Əksinə, çox gözəl atmosfer yaradıblar: “Bizim fanatların da belə ab-hava yaradacaqlarına ümid edirəm".
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.