REGİONLAR
Mobil Cahangirov: Bu adət-ənənələrin itməməsi üçün bunu balalarımıza öyrədirik
Göygöl, 30 iyul, Elcan Məmmədov, AZƏRTAC
II Milli Yaylaq Festivalında iştirak etmək, bu gözəl Xan yurdunda, Cavadxan yurdunda yaylaqlara çıxmaq bizim qədim adət-ənənələrimizdən biridir. Biz də Gəncədən yaylağa gələrək çadırımızı qurur, dincəlib, at çapırıq. Biz bu festivalda iştirak etdiyimiz üçün çox sevincliyik, həvəsliyik. Festivalda milli paltar geyinirik. Bu adət-ənənələrin itməməsi üçün bunu balalarımıza öyrədirik. İstəyirik ki, bu ənənələri gələcək nəsillərə ötürək.
Bu fikirləri festival iştirakçısı Mobil Cahangirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Festivala öz atı ilə gələn Mobil Cahangirov deyib: “Bu, atla birlikdə iştirak etdiyim ikinci yay festivalıdır. Ötən il Gədəbəydə, bu il isə Hacıkəndə çox gözəl festival təşkil olunub. İnanıram ki, qarşıdakı illərdə də gözəl festivallar keçiriləcək və biz də onun iştirakçısı olacağıq”.
Qeyd edək ki, festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.
II Milli Yaylaq Festivalının keçirildiyi etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), “Cıdır Meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir.