İQTİSADİYYAT
Mobil ödənişlərin effektiv inkişaf üsulları öyrənilir
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə oktyabrın 14-də Bakıda keçirilən “Mobil ödənişlər: inkişaf problemləri və perspektivləri” mövzusuna həsr olunmuş beynəlxalq seminarda məlumat verib. O bildirib ki, seminar mobil ödənişlərin ən effektiv inkişaf üsullarını müəyyənləşdirməyə kömək edəcək.
“İnterveyl” şirkətinin baş direktoru Oksana Smirnova “Rabitə sisteminin pilot fraqmentinin yaradılması və tövsiyələrin hazırlanması, mühafizə edilmiş distant pərakəndə ödənişlərinin dəstəklənməsi üçün İKT və simsiz rabitə şəbəkələri əsasında bank hesablarının idarəedilməsi” layihəsi üzrə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində mobil ödənişlərin nəqliyyatda və digər sahələrdə tətbiqi ilə yanaşı, Beynəlxalq Rabitə İttifaqı (İTU) tərəfindən bu ödənişlərin təhlükəsizliyinin təmin edilməsi üzrə standartlar hazırlanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İTU-nun təşkilatçılığı ilə reallaşan seminar oktyabrın 16-dək davam edəcək. Tədbir çərçivəsində İTU və Beynəlxalq Hesablaşmalar Bankı tərəfindən mobil qurğular əsasında servislərin tətbiqi sahəsində görulən işlər, MDB ölkələrində mobil ödənişlərin inkişafı təcrübəsi, mobil ödəniş sistemləri ilə bağlı texnoloji məsələlər və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məruzələr dinləniləcək. Həmçinin “MDB regionunda mobil bankinq sistemlərinin inkişafına kompleks baxış” mövzusunda “dəyirmi masa” təşkil olunacaq.