REGİONLAR
Mobil qruplar Sumqayıt əhalisi arasında maarifləndirmə tədbirləri həyata keçirir
Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Sumqayıt şəhərində Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində şəhərdə mobil qruplar yaradılıb. Onlar əhali arasında maarifləndirmə tədbirləri həyata keçirir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, hüquq-mühafizə orqanlarının, şəhər bələdiyyəsinin, Sumqayıt Şəhər Mənzil Kommunal İdarəsinin və digər qurumların əməkdaşlarından ibarət mobil qruplar şəhər ərazisində sərt karantin rejiminin tələblərinin icrasına nəzarət edir. İnsanların qaydalara əməl etməsi ilə bağlı çağırışlar olunur.
Mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən marketlərdə, apteklər, eləcə də məhəllədaxili ərazilərdə insanlarla maarifləndirmə işləri həyata keçirir, SMS icazənin olub-olmaması yoxlanılır. Mobil qruplar, eyni zamanda bulvar ərazisində də mütəmadi olaraq reydlər keçirir.