ELM VƏ TƏHSİL
Mobil qurğuların resurslarında meydana çıxan problemlərin həllinə dair araşdırma aparılıb
Bakı, 18 yanvar, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Mobil qurğuların resurslarında və əlaqə kanallarında meydana çıxan problemlər və həlli yolları” adlı məqaləsi “International Journal of Computer Network and Information Security” nəşrində dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə mobil qurğu resurslarındakı (enerji sərfiyyatı, hesablama və yaddaş resurslarında və s.) məhdudiyyətləri və əlaqə kanallarında yaranan gecikmələri aradan qaldırmaq məqsədilə “cloudlet” əsaslı mobil hesablama buludlarının yaradılması məsələsinə həsr olunub.
Tədqiqat işində, həmçinin mürəkkəb hesablama və yaddaş resursları tələb edən məsələləri istifadəçiyə yaxın yerləşən “cloudlet”də həll etməklə mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi və əlaqə kanallarında gecikmələrin aradan qaldırılması məsələləri göstərilib.
Qeyd edək ki, “International Journal of Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Stanford University Libraries”, “Open Science Directory” və digər tanınmış elmi bazalarda indeksləşir.