CƏMİYYƏT
Mobil telefonlar və aksesuarlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Mobil telefonlar və aksesuarlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 320” markalı nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan əvvəl, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin salonundan hər iki qabaq oturacağın içərisindən bir ədəd “Samsung Galaxy J3 Pro”, 4 ədəd “Samsung Galaxy J6”, bir ədəd “Samsung Galaxy J2 pro”, bir ədəd “Samsung Galaxy prime pro” markalı mobil telefonlar, 6 ədəd yükləyici başlığı, 6 ədəd USB kabel və 4 ədəd qidalandırma cihazı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.