İQTİSADİYYAT
Mobil telefonlara göndərilən reklam xarakterli SMS-lər üzrə araşdırmalar aparılıb

Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bunun müqabilində bir sıra hallarda onların balansından vəsait çıxılması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı Milli Məclisə və digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) şikayətlər daxil olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı RYTN tərəfindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə araşdırmalar aparılıb. Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov bildirib ki, araşdırma nəticəsində məlumat və reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü müəyyənləşdirilib. Bunlar yeni tarif və ya məhsullar (xidmətlər) barədə operatorların öz abunəçilərinə göndərdiyi, həmçinin xidmət təchizatçıları tərəfindən təqdim edilən məlumat xarakterli, eləcə də digər şirkət, bank, mağazalar tərəfindən göndərilən reklam xarakterli SMS-lərdir.
Mobil operatorlar tərəfindən RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara nömrələri təqdim etməsi davamlı surətdə SMS-lərin daxil olmasına şərait yaradır. SMS-ə görə abunəçinin balansından pul tutulması isə yalnız onların özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində baş verir. Mobil operatorlar istehlakçı hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini, reklamların KİV-lərdə olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulamaqla yanaşı, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını da qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə STOP yazıb göndərməklə, yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli SMS-ləri dayandıra bilər.
Müşfiq Əmirov, həmçinin məlumat verib ki, RYTN çoxsaylı müraciətləri nəzərə alaraq, bu məsələ ilə bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsinə dair təkliflər hazırlayıb. Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul edilən SMS-lər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız onların ilkin razılığı alındığı halda həyata keçirilməsi təklif olunub. Bu və digər təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.