CƏMİYYƏT
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 9 mart, AZƏRTAC
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə iki Azərbaycan vətəndaşı tərəfindən müxtəlif malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi ölkə ərazisinə keçiriləcəyi barədə məlumat daxil olub. Belə ki, Azərbaycan ilə Gürcüstan arasında yerləşən ərazidə həmin vətəndaşlar tərəfindən kommersiya məqsədləri üçün gətirilən mobil telefonların müxtəlif şəxslərə paylanılaraq ölkə ərazisinə keçirilməsi qeydə alınıb. Baş verən qanun pozuntusunun qarşısını almaq məqsədilə həmin şəxslər gömrükçülər tərəfindən qeyd olunan ərazidə saxlanılıblar. Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd “Sony” markalı “PlayStation 4”, 123 ədəd “Mi 8 Lite” markalı mobil telefon, 10 ədəd “Iphone 8” və 1 ədəd “Iphone X” markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisinə şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər. Sadalanan məhsullar gömrükçülər tərəfindən saxlanılaraq “Qırmızı Körpü” gömrük postuna gətirilib. Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb.
Faktla bağlı araşdırma aparılır.