İDMAN
Modriç: Ronaldu və Messi mükafatları yalnız özləri aldıqları halda qiymətləndirirlər
Bakı, 15 dekabr, AZƏRTAC
Madridin “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç hücumçular Kriştianu Ronaldu və Lionel Messinin 2018-ci ilin yekunlarına görə verilən “Qızıl top” mükafatının təqdim olunması mərasiminə qatılmamaq qərarlarını şərh edib.
AZƏRTAC xəbər verir ki, Modriç deyib: “Mən izah edə bilmirəm ki, niyə bəziləri mərasimə gəlməməyə qərar verib. Bu, onların öz seçimidir. Görünür, bu mükafatlar onlar üçün yalnız özləri aldıqları halda qiymətlidir. Mənim fikrimcə, bu, digər oyunçulara, azarkeşlərə və on il ərzində onlara səs verən insanlara münasibətdə dürüst qərar deyil. Lakin hər kəs özünü bildiyi kimi aparır.
Burada hər şey çox sadədir. Ronaldu və Messi son on il ərzində futbolda hakim mövqedə olublar. Əgər mövsüm ərzində ayrıca götürülmüş bir oyundan danışırıqsa, o zaman əksəriyyətin səsləri üst-üstə düşüb. Yoxsa onlar səhvə yol veriblər? Əgər biz oyunçuların ustalığı cəhətdən seçim etsək, o zaman bütün mükafatlar Messi və Ronalduya verilməli, heç bir səsvermə keçirilməməlidir”.