MƏDƏNİYYƏT
Mohd Daud Mohd Arif: Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür
Bakı, 27 iyun, Samir Behbudov, AZƏRTAC
Azərbaycana etdiyimiz səyahətlə bağlı bir neçə istiqamətdə gözləntilərimiz var. Bunlardan biri Azərbaycan və Malayziya arasında turist mübadiləsinin təşkili və insanları buna necə təşviq edə biləcəyimizlə bağlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Malayziya Səhiyyə Səyahət Şurasının baş icraçı direktoru Mohd Daud Mohd Arif deyib.
Bakıda ilk dəfə olduğunu qeyd edən direktor səfərlə bağlı gözləntilərinin yüksək olduğunu bildirib: “Tibbi turizm özündə bir neçə mənanı ehtiva edir. Ən əsası isə tibbi turizm turistlərə səyahət etdikləri ölkədə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin göstərilməsini nəzərdə tutan bir turizm növüdür. Bizim əsas məqsədimiz tibbi turizm sahəsini qlobal səviyyədə inkişaf etdirməkdir. Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür. Biz bu sahədə təcrübələrimizi və biliklərimizi Azərbaycanla bölüşməyə hazırıq”.
Malayziyada tibbi turizm sahəsinin imkanlarından danışan direktor orada insanların yüksəkkeyfiyyətli tibbi müalicə əldə edə biləcəklərini vurğulayıb.
Bildirib ki, bizim səhiyyə sistemi yüksək səviyyədə tənzimlənir. Malayziyada tibbi müalicələrin qiymətləri olduqca sərfəlidir. Buna səbəb də hər kəsin sağlamlıq imkanlarından bərabər faydalana bilməsidir. Digər ölkələrlə müqayisə edilsə, Malayziyada qiymətlərin daha aşağı olduğunu görərlər.
“Rəhbərlik etdiyim qurum Səhiyyə Nazirliyinin nəzdində sənaye əməkdaşlıqlarını koordinasiya etməklə, ölkədə və xaricdə Malayziyanın səhiyyə sənayesini asanlaşdırmaq və təşviq etmək vəzifəsi daşıyan agentlikdir. Üzvlük xidmətimiz beynəlxalq xəstələrə nümunəvi xidmət göstərən Malayziya səhiyyə müəssisələrindən ibarətdir”, – deyə o əlavə edib.