İQTİSADİYYAT


Möhsün Pakayin: İran-Azərbaycan münasibətləri səmimi olaraq qarşılıqlı faydalı əməkdaşlıqdan ibarətdir VİDEO

Tehran, 25 may, AZƏRTAC

Azərbaycan ilə İran elə bir coğrafi məkanda yerləşir ki, bu, iki dövlətin iqtisadi əməkdaşlığını zərurətə çevirib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri, Tehranda fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Möhsün Pakayin deyib. O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran ilə Azərbaycanın iqtisadi inkişafına stimul verməklə yanaşı, regionda siyasi sabitliyin qarantı rolunu da oynayacaq. Asiyadan Avropaya və əks istiqamətə daşınan tranzit yüklərin təhlükəsizliyi tranzit dövlətlər tərəfindən təmin olunacaq. Bununla yanaşı, nəqliyyat əlaqələrinin təhlükəsizliyində həm Asiya, həm də Avropa dövlətləri maraqlı olacaq və regionda siyasi sabitliyin davamlı xarakter daşımasına hərtərəfli yardım göstərəcəklər.

Diplomat nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu isə nəinki iki qonşu və dost dövlətin nəqliyyat, tranzit və ümumilikdə iqtisadi inkişafına təkan verəcək, eyni zamanda, regiona beynəlxalq siyasi zəmanət qazandıracaq.

Bu Memorandum İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafını göstərən bir nümunə olmaqla yanaşı, region dövlətlərinin də iqtisadi inteqrasiyasının əsasını yaradacaq.

Möhsün Pakayin Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşünü tarixi adlandıraraq, prezidentlərin iştirakı ilə imzalanan bu Memorandumun da tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, uzun illərdən sonra Azərbaycanın Qarabağı işğaldan azad etməsi yeni siyasi reallıqların yaranmasına səbəb olub. Bu reallıqlar isə ondan ibarətdir ki, bölgəyə sülh və əmin-amanlıq gəlməklə yanaşı, iqtisadi inkişafın da təməlləri yaranıb. Hər iki dövlət başçısının bu reallıqları düzgün qiymətləndirərək uyğun addımlar atması onu deməyə əsas verir ki, İran-Azərbaycan münasibətləri səmimi olaraq qarşılıqlı faydalı əməkdaşlıqdan ibarətdir. İstər Azərbaycan Prezidentinin, istərsə də İran Prezidentinin əlaqələrin inkişafına doğru yürütdükləri siyasət xalqların maraqlarından irəli gəlir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.