MƏDƏNİYYƏT
Möhtəşəm İsveçrə: Cenevrə - Avropanın ürəyində sivilizasiyalar alyansı
Bakı, 18 oktyabr, Emil Eyyubov, AZƏRTAC
Bu il Cenevrə növbəti dəfə Avropa istiqamətində qısa səfərlər üzrə nüfuzlu “World Travel Awards” mükafatına layiq görülüb. Daha çox böyük beynəlxalq təşkilatların və dünya maliyyə mərkəzlərinin qərargahları yerləşən məkan kimi tanınan bu İsveçrə şəhəri turistləri nə ilə cəlb edir? Bu suala cavab tapmaq məqsədilə Cenevrəyə üz tutduq və təəccüblə müşahidə etdik ki, işgüzar paytaxt adı arxasında bir-birini əvəzləyən adi iş günlərində hər an “özünə vaxt ayıran” gülərüz əhalisi ilə canlı və enerjili şəhər dayanır. Cenevrəlilər fəal istirahəti xoşlayır, dəblə bir addımlayır və yaxşı mətbəxi sevirlər. Ənənəvi İsveçrə dəsti sayılan pendir-saat-şokolad ilə yanaşı, beynəlmiləl Cenevrə turistlərə gözlənilməz əyləncə - Livan restoranında oriyental rəqs və ya göldə trimaranda yürüş təklif edir. İndi bütün bunlar barədə təfsilatı ilə danışaq.
Rəqabət aparan sahillər və turistlər üçün sürpriz
Oktyabrın əvvəlində Cenevrə bizi gözəl hava ilə qarşıladı. Ləklərdə beqoniya və ətirşah bol çiçək açıb, parkda ağaclar sarı payız rənginin yenicə toxunduğu sıx yarpaqlardan libas geyinmişdi. Burada ab-hava çox əlverişlidir: isti yay, Bakıda olduğu kimi mülayim, demək olar ki, qarsız qış. Cenevrənin əsas görməli yerlərindən biri, hətta şəhərə təyyarə ilə yaxınlaşarkən görünən göldür. Yerli sakinlər onu Cenevrə gölü adlandırırlar. Qonşu regionda və ölkədə Leman toponimi daha çox işlədilir. Avropada Balaton gölündən sonra böyüklüyünə görə ikinci sayılan Cenevrə gölü günəş şəfəqləri altında bərq vuran Je-Do (Jet d'eau) fəvvarəsi ilə artıq 120 ildir şəhərin vizit kartı sayılır. Su şırnağının hündürlüyü 140 metrə qalxan fəvvarəni küləyin sürəti saatda 20 kilometrə çatdıqda və güclü şaxtada söndürürlər ki, bu da çox nadir hallarda baş verir.
Sahillərinə Cenevrənin yayıldığı göl şəhəri iki hissəyə bölür. Tez-tez rast gəlinməsə də, belə hallarda qarşı tərəflə görünməmiş rəqabət yaşanır. Köhnə şəhərlə və dəbdəbəli mağazalarla qalan sol tərəfin sakinləri əks tərəfə nisbətən tarixən özlərini daha üstün sayırlar. Əlbəttə ki, bu, şərti bölgüdür. Çünki şəhərin ən qədim oteli - 1834-cü ildən fəaliyyət göstərən “Des Bergues” də daxil olmaqla, ən dəbdəbəli otellər məhz sağ sahildədir. Burada, həmçinin bizim üç gün qalmağımıza məmnuniyyətlə razılıq verilən gözəl “President Wilson” oteli yerləşir.
Dövlət başçılarının tez-tez qaldıqları bu beşulduzlu otel adını tam doğruldub. 2017-ci ildə otel, həmçinin onun yerləşdiyi şəhər “İsveçrənin ən yaxşı kral penthausu” nominasiyasında “World Travel Awards” mükafatına layiq görülüb. 2014-cü ildə də məhz bu oteldəki otaq dünyanın ən yaxşı penthausu adlandırılıb. Bu, həm də dünyanın ən bahalı otel otağıdır: bir gecənin qiyməti təxminən 45 min avro. Əlbəttə ki, biz bu otaqda qalmadıq. Bizə hətta ona baxmaq da nəsib olmadı. Çünki qiymətinin bahalığına baxmayaraq, otaq nadir hallarda boş olur. Ancaq bizim otaqlarımız da Cenevrə gölünə açılan mənzərəsi ilə çox diqqətəlayiq idi. “Bang & Olufsen”dən texnika, “Hermes”dən kosmetik ləvazimatlar, kapsul qəhvə maşını, şirniyyatlarla dolu boşqab və içkilər - bütün bunlar məkanın statusundan xəbər verir. Mişlen ulduzlu restoranlar və xüsusi spa kompleksləri mənzərəni tamamlayır. “Arabesque” Yaxın Şərq mətbəxi restoranında ləzzətli yeməklərdən dadıb, şəhəri gəzməyə çıxdıq.
Bu da bizə Cenevrədən ilk sürpriz: şəhərdə və bütün eyniadlı kantonda (İsveçrənin dövlət-ərazi vahidi) avtobus, tramvay və su taksilərinin (göldə gəzinti üçün) də daxil olduğu ictimai nəqliyyatdan istifadə turistlər üçün pulsuzdur! Müvafiq talon mehmanxanaya yerləşdirildikdən sonra sizə təqdim olunur. Hosteldə və ya “ulduzlu” oteldə bir gün və ya bir ay qalmağınızdan asılı olmayaraq, göstərilən müddətə bu talon sizə veriləcək. Bu nadir təklifə biz İsveçrədən başqa heç yerdə rast gəlmədik.
Əgər şəhərdə sututar – dəniz, göl, çay varsa, onda onunla ilk tanışlığa kruizdən başlamaq lazımdır. Bu dəyişməyən qayda bizə Cenevrədə lazım oldu. Gəzinti katerlərinin yan aldığı yer bizim qaldığımız oteldən piyada beş dəqiqəlik məsafədə yerləşir. Biz ora üz tutduq. Cenevrə ilə sudan tanışlığın ən azı üç yolu var: pulsuz su taksisi, kruiz katerləri, yelkənli şəxsi gəmilər və katamaranlar. Bütün mümkün variantları araşdırdıq və “Swissboat” kruiz kateri üzərində dayandıq. Şəhərin əsas görməli yerləri barədə informasiya məhz burada audiogid xidməti vasitəsilə turistlərə çatdırılır.
Cenevrə gölünün sirri
Kateri gözləyərkən sahilboyunu gözdən keçirmək mümkündür. Bu sahillərdən tarixən cenevrəlilər və qonaqlar şəhəri seyr edirlər. Gölə açılan möhtəşəm mənzərəni tələsmədən seyr etmək, burada aramla gəzmək adət halını alıb. Nəhəng fəvvarə, yaxınlıqda üzən yelkənli qayıqlar və qu quşları effektli fotoşəkil çəkmək üçün nağılvarı mühit yaradır. Monblan dağının görüntüsünü müzakirə etmək də xoşdur: əlverişli havada buradan Alp dağlarının Fransa ilə İtaliyanın sərhədində yerləşən qarla örtülü yüksək zirvəsi aydın görünür. Şəhərin sağ və sol tərəflərini birləşdirən sahilboyu və körpü dağın şərəfinə adlandırılıb.
Gəzinti zamanı maraqlı heykəltəraşlıq kompozisiyaları davamlı olaraq diqqətinizi çəkəcək: bəzən insanın öz içindən boşluğa baxdığı Albert Georcun “Melanxoliya” əsəri kimi mücərrəd, bəzən də Avstriya imperatriçəsi Elizaveta Bavarskaya kimi Cenevrədə olmaqdan həzz alan real tarixi personajlar təsvir edilən kompozisiyalar. Onun heykəlinin yanında həmişə tər güllər olur: xalqın Sisi adlandırdığı sevimlisi 1898-ci ildə burada, Cenevrə gölünün yanında gəzərkən italyan anarxisti tərəfindən xaincəsinə öldürülüb. Xatirə lövhəsi faciənin baş verdiyi yerin bir qədər aralıda olduğunu göstərir.
Gəmi fiti yadımıza salır ki, artıq kater yerindədir və arzu edənləri göyərtəyə dəvət edir. 50 dəqiqəlik gəzinti 13 frankdır. Burada da özünəməxsus hiyləgərlik var: “Geneva Pass” kart sahibləri üçün kruiz pulsuzdur. Bu kartlar 31 növ əyləncədən və digər xidmətlərdən (məsələn, oteldə yox, dostlarının birinin evində qalan şəxs nəqliyyatda istifadə edə bilər) pulsuz istifadə üstünlüklərinə malikdir. Bu kartları onlayn rejimdə Cenevrənin turizm üzrə ofisinin rəsmi saytından (live.geneve.com), həmçinin otellərdən əldə etmək mümkündür. Kartın qiyməti 1 və ya 2 günlük üçün 26-37 frank arasında dəyişir, 3 günlük kartın qiyməti isə 45 frankdır. Əvvəlcədən işimizi ehtiyatlı tutduğumuzdan katerə biletimizi kartla aldıq və küləkli açıq göyərtədə yerimizi tutduq.
Leman gölündə su o qədər təmizdir ki, sahilboyu dayaz yerlərdə gölün dibi görünür. Buradakı bol xanı balığı və alabalıq hər bir Cenevrə restoranında təqdim olunur. Balıqdan əlavə, göldə ördək, qu quşu və suda üzən başqa quşlar dəstə ilə məskən salır.
Cenevrə gölünün sahilləri əyləncəli hadisələr və maraqlı görməli yerləri ilə məşhurdur. Bunlar barədə informasiyanı kruiz biletinə əlavə edilmiş bukletdən (həmçinin rus dilində) və ya audiogidin gəmi səsgücləndiricilərindən növbə ilə bir neçə dildə səsləndirdiyi məlumatlardan almaq olar. Məsələn, sol sahildə ingilis şairi lord Bayronun 1816-cı ildə qonaq olduğu Diodati mülkü görünür. Mülkdən aşağıda gölün sahilində başqa bir Britaniya şairi - Şelli yaşayıb. Məhz burada onun həyat yoldaşı Meri 1818-ci ildə nəşr etdirdiyi məşhur “Frankenşteyn” romanını yazıb. Yaxınlıqda Səudiyyə Kralı Fəhdin ölümündən sonra 2005-ci ildə onun birinci həyat yoldaşına miras qalmış beş malikanəsini görmək mümkündür. Cenevrənin, Kopenhagendə olduğu kimi, öz “Leman su pərisi” var. Nataşa de Sanjanın əl işi olan bu bürünc heykəl gölün üzərindəki postamentdə 1966-cı ildə quraşdırılıb.
İndi isə diqqət, – biz Fransa sərhədini keçirik! Bəli, təəccüblənməyin: Cenevrə Fransa ilə lap sərhəddə yerləşir. Mərkəzdən bura ictimai nəqliyyatla 40 dəqiqəyə gəlmək və yaxud bu cür – su vasitəsilə gözə görünməyən mühafizə xəttini keçmək mümkündür. “Fransa tərəfdə” pəncərəsi qırmızı taxtadan olan kiçik yaylaq evi diqqəti çəkir. Proletariatın hüquqları uğrunda mübarizə aparan V.Lenin 1914-cü ildə burada yaşamış, Rusiyada monarxiyanın devrilməsinə aid planları burada cızmışdı.
Gəmi kiçik dövrə vurduqdan sonra geriyə üzür və biz yenə də İsveçrədəyik. İndi isə biz gölün sağ sahilini seyr edirik. Hazırda Qətər Əmirinin yay iqamətgahı olan qədim Bartoloni qəsrini və Birinci Napoleonun 1811-ci ildə imperatriçə Jozefinaya bağışladığı Jozefina mülkünü görürük. Sağ tərəfin əsas görməli yerlərindən biri qarşısındakı Millətlər Meydanında piyadaəleyhinə minalara qarşı mübarizəni əks etdirən “Sınıq stul” heykəli qoyulmuş BMT-nin qərargahıdır. Gəminin göyərtəsindən Russo adası yaxşı görünür. Ada göldən axan Rona çayının ortasında yerləşir. Adada Cenevrənin tanınmış yetirməsi, yazıçı və filosof Jan-Jak Russonun heykəli qoyulub.
Bu hələ şəhərin görməli yerlərinin kruiz vaxtı rastlaşdığımız az hissəsidir. Artıq gəmi sahilə yan alıb və biz axşam proqramımız barədə düşünməliyik.
Cenevrə multikulturalizmi
Cenevrə eyniadlı fransızdilli kantonun paytaxtıdır. Bununla belə, burada fransız dili ilə yanaşı, ingilis, italyan, alman və başqa dillər işlənir. Bu, təəccüb doğurmur, çünki Cenevrə İsveçrənin ən beynəlmiləl şəhəridir və 200 min əhalinin 45 faizini əcnəbilər təşkil edir. Onların sırasına çoxsaylı beynəlxalq təşkilatların əməkdaşları, həmçinin buraya səhər işləməyə gələn, axşam evinə qayıdan qonşu Fransanın sakinləri də aiddir. Yeri gəlmişkən, bəzi isveçrəlilər də Fransa ərazisində daşınmaz əmlak alırlar, çünki İsveçrədə bu, çox baha başa gəlir. Nəhayət, Avropanın və dünyanın hər bir yerindən bura qazanc dalınca gələnlərin sayı qonşu Avropa ölkələrinə nisbətən üç dəfə çoxdur.
Belə vəziyyət, ələlxüsus turizm sənayesində və qonaq qəbulunda şəhərin yalnız xeyrinədir. Məsələn, ənənəvi Cenevrə restoranlarında aşpazların əksəriyyəti fransızlardır. Yaxud, yapon restoranına gəlirsinizsə, əmin ola bilərsiniz ki, baş aşpaz yapondur. Bu da Yaponiyadan kənarda hər dəfə rast gəlinən hal deyil. Lakin Cenevrə buna icazə verir. Taksi sürücüləri isə burada başdan-ayağa italyanlardır.
Bütövlükdə, bizim səfərin əsas məqsədi millətlərin sayına görə yalnız Nyu-Yorkdan geri qalan, bir çoxlarının tanıdığı kimi ciddi, rəngarəng çoxmillətli şəhər kimi təsvir edilən Cenevrəni yenidən kəşf etmək idi. Bu, müxtəlif ölkələrin mətbəxləri ilə işləyən restoranların sayının çoxluğunda özünü xüsusən büruzə verir. Məsələn, Qərb ölkələrində geniş yayılan tajinin və küsküsün dadına çoxdan baxmaq istəyirdik. Kimin ağlına gələrdi ki, biz bu arzumuzu İsveçrədə həyata keçirəcəyik və bu yeməkləri livanlı aşpaz bişirəcək. Bu, bir gün şam etdiyimiz “Baroush” restoranından yeganə sürpriz deyildi. Hər yarım saatdan bir restoranda işıq söndürülür və zala yığışanların alqış sədası altında livanlı rəqqasə özünün şövqlü oriyental rəqsini nümayiş etdirirdi.
Ancaq “Kiran” hind restoranında yaddaqalan lassi adlanan milli içki oldu ki, onun barəsində heç bir məlumatımız yox idi. Məlum oldu ki, yoqurt, meyvə, ədviyyat və baldan hazırlanan bu kokteyl Hindistanda çox məşhurdur. İnternetdə bu sadə və ləzzətli içkinin hazırlanmasına aid çox resept var. Dadına baxın, peşman olmazsınız. Yeri gəlmişkən, səfər barədə videolara “YouTube”da “Əsginazsız tur” müəllif kanalı vasitəsilə tanış ola bilərsiniz.
Beləcə Cenevrədən kənara çıxmamaq şərtilə biz müxtəlif ölkələrin mədəniyyəti və mətbəxi ilə tanış olduq. Əlbəttə, İsveçrə mətbəxini nəzərdən qaçırmadıq. Gələn dəfəki yazımızda sizinlə bu ölkədə isveçrəli aşpazdan aldığımız ən məşhur pendirli yemək sayılan fondyunun reseptini bölüşəcəyik.
Bundan əlavə, sizi İsveçrədə 500 illik tarixi olan saat işinin inkişafı ilə bağlı “Patek Philippe” muzeyinin kolleksiyası haqqında söhbət gözləyir. Həmçinin öyrənəcəksiniz ki, “Du Rhône Chocolatier” butikində şokolad konfetlərinin kiloqramının qiyməti niyə 170 frankdır və onların dadı necədir? Nəhayət, biz Cenevrə gölündə trimaranda gəzəcək və məşhur İsveçrə ordu bıçaqlarının istehsalçısı “Victorinox” şirkətinin ən böyük butikində olacağıq.
Şəkillər müəllifə və “Geneva Tourism”ə məxsusdur.