İQTİSADİYYAT


Möhtəşəm İsveçrə: Cenevrə təmtəraqlı sahillərdə

Bakı, 24 oktyabr, AZƏRTAC

Dünyanın sülh və əmin-amanlıq paytaxtı sayılan Cenevrə məşhur istirahət məkanlarından biridir. Hər il buraya müxtəlif ölkələrdən 3 milyonadək turist gəlir. Böyüklüyünə görə İsveçrənin bu ikinci şəhəri səyahətçiləri tarixi baxımdan zəngin görməli yerləri, heyranedici təbiət mənzərələri, nadir muzeyləri və nəfis mətbəxi ilə cəlb edir. Cenevrə ilə tanışlığımıza davam edirik və sizi Köhnə şəhərin küçələrində gəzməyə, Cenevrə gölündə trimaranda gəzintiyə çıxmağa, şokolad butikində olmağa və İsveçrə saat ustalığının sirlərini öyrənməyə dəvət edirik. Bundan başqa, sizə qənaətli alış-veriş imkanları barədə danışacaq və isveçrəli baş aşpazın pendirli fondyunun sadə reseptini paylaşacağıq.

Güllü saatlar və Cenevrə konvensiyası

Bizim qaldığımız çox gözəl “President Wilson” otelinin yerləşdiyi Cenevrənin sağ sahilini doyunca gəzdikdən sonra bələdçimizlə bərabər qarşı tərəflə tanış olmağa yollandıq. Burada Köhnə şəhər, saat və dəbli geyimlərin ən yaxşı brendlərinin bir yerə toplanmış butikləri yerləşir.

Gölün o biri sahilinə həm piyada, həm də sürücülərin istifadə etdiyi Monblan körpüsü ilə keçmək olar. 1862-ci ildə tikilən bu körpünün konstruksiyasına uyğun olaraq, üzərindən avtomobillər keçərkən nəzərəçarpacaq dərəcədə titrəyir. O qədər də uzun olmayan körpü Cenevrə gölünün ən dar hissəsində, Rona çayının töküldüyü yerdə quraşdırılıb. Buradan əzəmətli fəvvarəsi olan gölə, həmçinin onu əhatə edən şəhərə son dərəcə gözəl mənzərə açılır.

Körpünü adlayıb əllərində fotokameralar olan xeyli turistin toplandığı yerdə dayandıq. Qarşıda Cenevrənin məşhur İngilis bağındakı yaşıl təpəcikdə quraşdırılmış Güllü saatlar görünür. Onların vaxtı dəqiq göstərən iri mexaniki əqrəbləri var. Burada hərəsi bir mövsümdə açan minlərlə gül əkilib. Məhz buna görə də saatlar ilin fəsillərindən asılı olmayaraq, “çiçəkləyən” görünüşü ilə cenevrəlilərə sevinc bəxş edir.

Əsas ticarət küçələrini keçərək, - biz buraya hələ qayıdacağıq, - enli pilləkənlə qalxırıq. Bu pillələr bizi Cenevrənin ürəyinə - 2000 ildən çox tarixi olan Köhnə şəhərə aparır. Döşənmiş küçələr, dolambac dalanlar, qədim binalar – bunlar vaxtilə həm Roma hökmranlığının, həm Reformasiya dövrünün, həm də Napoleon qoşunlarının yayılmasının şahidi olmuş Avropa üçün tipik tarixi rayondur. Əgər Cenevrə Vəkillər Kollegiyasını axtarıb tapsaq, burada III əsr Roma tikililərinin qalıqlarını görmüş olarıq.

Köhnə şəhər üzərində tikintisi 1160-cı ildə başlayan və özündə çoxmənalı memarlıq incilərini birləşdirən Müqəddəs Pyotr kilsəsi ucalır. Bir tərəfdən o, incə şəbəkəli şpillə və tacabənzər vitraj pəncərəli qülləsi ilə qibti məbədinə bənzəyir, digər tərəfdən isə antik sütunlu Roma Panteonunu xatırladır. Arzu edənlər şəhərə açılan geniş mənzərədən zövq almağı, 157 pilləni adlayıb kilsənin qülləsinə qalxmağı, qədimiliyi sevənlərə isə, əksinə, məbədin zirzəmisi ilə tanış olmağı məsləhət görürük. Burada qədim artefaktlarla zəngin arxeologiya muzeyi yerləşir.

Köhnə şəhərin digər əsas görməli yerlərindən biri Cenevrə kantonu idarəsinin fəaliyyət göstərdiyi bələdiyyə binasıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradılması barədə ilk Cenevrə Konvensiyası 1864-cü ildə məhz bu binada imzalanıb. Maraqlıdır, binanın 1555-1578-ci illəri əhatə edən tikintisi dövründə maili meydança – rampa nəzərə alınıb ki, bu da mötəbər şəxslərin yuxarı mərtəbələrə birbaşa atlarla qalxmasına şərait yaradır. Ehtiyac yaranarsa, rampa ilə ağır silahların da daşınması mümkündür. Qədim toplardan bəziləri binanın yaxınlığında, Cenevrə tarixinin müxtəlif dövrlərini təsvir edən zərif mozaikalı panno fonunda qoyulub.

Cenevrənin tarixi haqqında daha çox şey öyrənmək istəyirsinizsə, o zaman XII əsrdə tikilmiş “Maison Tavel” binasına gedin. Orada XIX əsrdə şəhər genişləndirilərkən Qala divarlarının söküldüyü dövrədək olan Cenevrənin maketi qorunur. Binanın altı mərtəbəsindəki çoxsaylı eksponatlar tarixin müxtəlif dövrlərində şəhər həyatının quruluşunu nümayiş etdirir.

Reformasiya divarı, Çörçill və İsveçrə şokoladı

Filosof və yazıçı Jan Jak Russo 1712-ci ildə Cenevrədə doğulub, daha sonra Fransaya köçüb. Maarifçilik dövrünün mütəfəkkirinin uşaq vaxtlarında yaşadığı ev öz əvvəlki yerində - Köhnə şəhərdədir. İndi burada Russo muzeyi yerləşir. Cenevrədə doğulan digər məşhur – Jan Kalvinin (1509-1564) ata yurdu biçimsiz görünüşünə görə hələ köhnə vaxtlarda sökülüb. İlahiyyatçı Kalvin Roma katolik kilsəsinin təsisatlarını inkar edən reformasiya və protestantçılıq hərəkatının ideoloqlarından biri kimi tarixə düşüb. Köhnə şəhərdə yerləşən, yaradıcısı məhz Kalvin olan Cenevrə Universitetinin ərazisində 1909-cu ildə reformasiya divarı qurulub. Divar kalvinizmin görkəmli xadimlərinin nəhəng heykəllərindən ibarətdir. Monument qədim parkla əhatə olunub, burada əsrlərlə yaşı olan ağacların kölgəsində skamyalar qoyulub, nəhəng dama və şahmat oyunu üçün meydança düzəldilib.

Köhnə şəhərin mərkəzində Cenevrənin ən qədim, hələ IX əsrdən özünün iri bazarı ilə tanınan Burq-de-Fur meydanı yerləşir. Burada qəşəng fəvvarə, mötəbər kafe və restoranlar cəmləşib. Biz qədim “de Ville” otelinin yaxınlığındakı restorana yollanırıq. Məkanın bütün interyeri XX əsrin müxtəlif illərinə aid baş geyimləri, o cümlədən furajka, jandarm və yanğınsöndürənlərin kaskaları və s. ilə bəzədilib. Bu ənənə nə vaxtsa bir centlmenin papağını yaddan çıxarıb burada qoyub getməsindən başlayıb. Bundan sonra müştərilər bilərəkdən özlərinin baş geyimlərini qoyub gediblər və bu geyimlər böyük bir kolleksiyaya çevrilib. Restoran İsveçrə və Fransa mətbəxinin yeməklərini təqdim edir. Biz soğan və göbələk şorbalarını, həmçinin Cenevrə gölü balığını göyərtili sousda sifariş etdik. İçkilərdən isə “Ramseier” markalı alma limonadını seçdik. Bu içkinin tərkibi 90 faiz İsveçrə almalarının şirəsi ilə mineral suyun qarışığıdır. Dadı çox xoşumuza gəldiyi üçün biz hər dəfə bu limonaddan içirdik.

Köhnə şəhəri tərk edərkən birbaşa İsveçrənin ən məşhur saat brendləri mağazaları, həmçinin dəbli butikləri və “Globus” kimi gözəl univermaqları olan Rue du Rhône küçəsinə düşürsən. Saat işinin şah əsərlərinə biz hələ vaxt ayıracağıq, hələlik fürsətdən istifadə edib, 1875-ci ildə yaradılmış eyniadlı “Du Rhône” şokolad butikinə daxil olduq. Müxtəlif vaxtlarda buraya Şarl de Qoll, Qreys Kelli, Con Kennedi, Uinston Çörçill və digər məşhur insanlar gəliblər. Kiloqramının qiyməti təxminən 170 frankdan başlayan şokolad konfet növləri adamı çaş-baş qoyur. Müəssisənin baş şokolad ustası Jan Paskal Serinin sözlərinə görə, məhsulun qiyməti xammalın keyfiyyəti və qənnadçıların əl işi ilə özünü doğruldur. Şirkətin mütəxəssisləri kakao paxlalarının Cənubi Amerikadan və Qərbi Afrikadan gətirilən ən yüksək növlərinin fermentasiya, qurudulma və qovrulma prosesinə nəzarət edirlər. Əlbəttə ki, “Du Rhône” şokoladı dadlı və nəfisdir. Lakin qiymətinə görə kefinizi pozmayın: Cenevrədə əsl İsveçrə şokoladını bir az aşağı qiymətə də almaq olar. “Migros” mağazalar şəbəkəsindən birinə gedib, şokoladın 100 qramını 0,6 frankdan başlayan qiymətlərlə ala bilərsiniz. Həmin markadan olan qovrulmuş fındıq və badam içlikli südlü, ağ və tünd rəngli şokoladlı drajelər öz dadı ilə bir çox butiklərin mallarını geridə qoya bilər. 850 qramlıq qablaşdırma 6,6 franka təklif olunur. Deməli, burada yüksək keyfiyyəti qoruyaraq qənaətlə alış-veriş də etmək mümkündür.

Suda gəzinti və dəyərli vaxt

Alış-verişdən söhbət düşdüsə, ənənəvi İsveçrə mast-hevindən – qatlanan ordu bıçaqlarından danışmağa dəyər. Bu məhsulun iri istehsalçılardan biri sayılan “Victorinox” şirkətinin butikini biz Rue du Rhône küçəsi ilə qonşu olan de Marşe küçəsində gördük. Düzdür, bu bıçaqların satışı ilə bağlı stendləri Cenevrədə vağzaldan tutmuş univermağadək hər yerdə görmək olar. “Victorinox” bıçaqlarının hazırlanmasında istifadə olunan paslanmayan poladın tərkibi açıqlanmır. Təkcə o məlumdur ki, üstün keyfiyyətlərinə görə bu bıçaqlar NASA astronavtlarının standart təchizat dəstinə daxil edilib. Maraqlıdır ki, “Victorinox”un baş butikində ustad dərsləri keçirilir və bu zaman arzu edən hər kəs öz zövqünə uyğun istədiyi dəsti yığa bilər. Siz 35 frank ödəyib təlimatçının rəhbərliyi ilə bıçaq dəstinə, məsələn, vintaçan, qayçı və digər alətləri əlavə edərək onları özünüzlə apara bilərsiniz. Qatlanan müxtəlif növ bıçaqların qiyməti “Victorinox” mağazasında 19 frankdan başlayır ki, bu da olduqca əlyetəndir.

Bu, quruda gördüklərimizdir. Göldə trimaranda gəzməyimiz barədə təəssüratlarımızı sizinlə bölüşəcəyimizə söz vermişdik. Bu, katamarana bənzəyən, lakin daha möhkəm üçkorpuslu yelkənli gəmidir. Cenevrədə trimaranda gəzmək və sürməyi öyrətmək xidmətlərini “Sakana Sailing” məktəbi həyata keçirir. Təlimatçı bizi Şuazel limanının (şəhərin mərkəzindən 10-15 kilometr aralı) sahilboyunda gözləyirdi. Motorlu qayığa minib sahildən bir az aralıdakı trimarana tərəf üz tutduq. Çatan kimi bizə sukeçirməz kombinezon verib, tarazlığımızı saxlamaq üçün gəminin göyərtəsinin məhəccərindən tutmağı tapşırdılar. Trimaran küləklə hərəkət edir. Təlimatçı yelkənləri dartdı və gəmi yerindən tərpəndi. Günəşli və demək olar ki, küləksiz hava idi. Buna baxmayaraq, trimaran zəif küləkdən də sürət yığdı. Yeri gəlmişkən, bu tip gəmilərdən hər il Fransa sahillərində keçirilən “Tour de France à la Voile” yarışmasında istifadə olunur. Yüngül yelkənli gəmi dalğaları səssiz yararaq üzür, kapitana isə hərəkəti istiqamətləndirmək vermək qalır. Gəzinti zamanı təlimatçı bizə qurğunun prinsipi və trimaranın idarə edilməsi barədə danışır, sərnişinlərə sükan arxasına keçmək imkanı yaradırdı. Arzu olunarsa, sürəti azaldıb ətraf mənzərəni seyr etmək mümkündür. İki saat üzmək və trimaranda təlim almaq iki adama 170 franka başa gəlir. Lakin bir qəpik də xərcləmədən Cenevrədə üzməyə alternativ təklifimiz var!

Biz artıq qeyd etmişik ki, Cenevrədə oteldə qalan hər turistə ictimai nəqliyyatdan pulsuz istifadə kartı verilir. Su taksiləri və ya “Cenevrə qağayıları” da həmin ictimai nəqliyyat kateqoriyasına aiddir. Sarı rəngli qayıqlar 10-30 dəqiqədən bir şəhərin mərkəzi hissəsinin hər iki sahilboyu akvatoriyasını əhatə edən dörd marşrut üzrə yola çıxır. Qayıqlarda geniş rahat oturacaqlar, hətta açıq göyərtə var. Yaxşı havada burada dayanmaq adama ləzzət verir. Su taksisində gəzinti kruiz gəmisində və katamarandakı gəzintimizdən heç də geri qalmadı.

İndi isə 500 illik tarixi olan İsveçrə saat işi sənəti ilə tanışlıq üçün “Patek Philippe” muzeyinə tələsirik. 1839-cu ildə Cenevrədə əsası qoyulan “Patek Philippe” şirkəti dünyada ilk dəfə bilərzik-qol saatları, xronoqraf, daimi təqvim, dəqiqəli repetir istehsal etməklə saat sənətinin qaydalarını qoyub. Bu və digər inciləri 2001-ci ildən fəaliyyət göstərən muzeyin sərgisində görmək mümkündür. Lakin burada təkcə tanınmış brend ustalarının məhsulları nümayiş olunmur. Ziyarətçilər, həmçinin saat mexanizmləri kolleksiyasından, musiqili saatlardan, Cenevrə, İsveçrə və Avropada yaradılmış qədim miniatürlərindən zövq ala bilərlər. XVI-XVIII əsrlərə aid məmulatlar çox incə işləmələri ilə heyrət doğurur. Bu o dövr idi ki, “vaxtın əhəmiyyəti yox idi” – saatlar bir saat da, iki saat da geri qala bilərdi. Lakin bu, heç kimi narahat etmirdi, çünki onlar daha çox zənginliyin və hökmranlığın təcəssümü idi. Qızılla, daş-qaşla və nəfis yazılarla bəzədilmiş saatlara uzun müddət qürrələnmək əşyası kimi baxılıb. İsveçrədə saat işinin inkişaf etməsilə saat mexanizmlərinin hazırlanması da mükəmməlləşdi, dəqiqlik və keyfiyyət etalonuna çevrildi və bu sahədə indi də birincidir.

Sözardı və ya fondyunu evdə necə hazırlamaq olar

İsveçrə pendiri milli sərvətdir və fondyu bu ölkənin milli yeməyidir. Cenevrədə siz onu hər restoranın menyusunda görə bilərsiniz. Əgər ümumi şəkildə desək, fondyu əridilmiş pendirə bənzəyir, ona çörək batırıb yeyirlər. Deyirlər fondyunu nə vaxtsa çobanlar fikirləşib. Həqiqətən də bu çox nəfis və hazırlanması olduqca sadə yemək növüdür. “Edelweiss” restoranında fondyunun hazırlanmasına dair ustad dərsi keçəndən sonra biz bunun şahidi olduq. Cenevrəli baş aşpazın iştirakı ilə fondyunun hazırlanmasına aid videoreseptə YouTube - “Əsginazsız tur” müəllif kanalında tanış ola bilərsiniz. Deməli, doyumlu porsiya üçün sizə 300 qram pendir, 1 xörək qaşığı kartof və ya qarğıdalı unu (və ya nişastası) və 200 ml su (adambaşına 100 ml hesabıyla) lazım olacaq. Pendirləri yarıbayarı iki növ götürmək olar: qryuyer, vaşren və yaxud emmental, konte, bofor. Suyu o qədər də gur olmayan odda qaynadırıq. Oraya sürtgəcin iri gözündən keçirilmiş pendirin bir hissəsini əlavə edirik. Tam həll olanadək qarışdırırıq. Sonra bu qayda ilə pendirin qalan hissəsini əridirik. Əvvəlcədən suda islatdığımız nişastanı əlavə edib 2-3 dəqiqə qarışdırırıq. Fondyu hazırdır! Nuş olsun!

Emil Eyyubov

Fotolar müəllifə və “Geneva Tourism”ə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.