SİYASƏT
Moldova Azərbaycanlılar Konqresi Qaqauz Dili Günü bayramında iştirak edib
Kişineu, 27 aprel, AZƏRTAC
Moldova Azərbaycanlılar Konqresi (MAK) Qaqauziya Başqanı İrina Vlaxın dəvəti ilə Qaqauz Dili Günü bayramında iştirak edib.
AZƏRTAC xəbər verir ki, hər il aprelin 27-də Qaqauziyada Qaqauz Dili və Qaqauz Ədəbiyyatı Günü (“Ana dilimiz” bayramı) qeyd olunur. Ənənəyə görə, bu bayram Qaqauziyanın görkəmli maarifçi və din xadimi, İncili və Əhdi-Ətiqdən parçaları doğma qaqauz dilinə tərcümə etmiş Mixail Çakirin ad günündə qeyd edirlər.
Bu gün, aprelin 27-də səhər Qaqauziya Başqanı İrina Vlax, MAK sədri Elçin Bayramov, MAK Şura üzvləri Ramil Adıgözəlov və Mahizər Məmmədova, Qaqauziya Elmi Tədqiqat Mərkəzinin işçiləri, ruhanilərin nümayəndələri, Moldova Respublikası Elmlər Akademiyasının qaqauzologiya şöbəsinin əməkdaşları Protoiereyin dəfn edildiyi yerə gələrək onun xatirəsini ehtiramla yad ediblər.
Qonaqlar Kişineu Mərkəzi qəbiristanlığında Mixail Çakirin məzarını ziyarət edib, onun büstü önünə tər çiçəklər qoyublar.
İrina Vlax vurğulayıb ki, XX əsrə qədər qaqauz xalqının öz əlifbası, yazısı və kitabları olmayıb. Mixail Çakir öz təşəbbüsü ilə və öz vəsaiti hesabına ədəbi əsərlərin qaqauz dilinə tərcüməsini və nəşrini təşkil edib. Məhz onun sayəsində bu dil ikinci həyat qazanıb və indiyə qədər yaşayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu