ELM VƏ TƏHSİL


Moldova Elmlər Akademiyasının şöbə müdiri BDU-da ustad dərsi keçib

Bakı, 5 may, AZƏRTAC

Moldova Elmlər Akademiyasının Qaqauz araşdırmaları şöbəsinin müdiri, Komrat Dövlət Universitetinin dosenti Liubovi Çimpoeş Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün Türk xalqlarının kitab və kitabxana mədəniyyəti fənnindən onlayn ustad dərsi keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, dosent Liubovi Çimpoeş əvvəlcə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə iştirakçıları təbrik edib, bu zəfərin azərbaycanlılarla eyni soy-kökə mənsub olan qaqauz türklərində qürur hissi yaratdığını bildirib.

Alim mühazirəsində türk dillərinin oğuz qrupuna aid olan qaqauz dili, ədəbiyyatı, qaqauz türklərinin tarixi və zəngin mədəniyyəti barədə məlumat verib. Qaqauz türklərinin kitab və kitabxana mədəniyyəti, bölgədə kitabxana-informasiya fəaliyyətinin müasir vəziyyəti və perspektivləri barədə ətraflı söz açan L.Çimpoeş qeyd edib ki, 1994-cü ildə Moldova parlamentinin qərarı ilə yaradılan Qaqauz Yeri muxtar qurumunda digər fəaliyyət istiqamətləri ilə yanaşı, bəhs olunan sahənin də inkişafında bir sıra nailiyyətlər əldə edilib. Hazırda Qaqauz Yerində 40-a yaxın böyük kitabxana, xeyli sayda universitet, kollec, məktəb və eləcə də uşaq kitabxanaları fəaliyyət göstərir. Xidmət səviyyəsinə görə xüsusilə fərqlənən Atatürk kitabxanası daha çox elektron resurslara malikdir.

Həmçinin nəşriyyat-poliqrafiya sahəsinin vəziyyəti barədə məlumat verən məruzəçi qeyd edib ki, Qaqauz Yazarlar Birliyinin dəstəyilə son illər xeyli sayda tarixi, elmi, bədii əsərlər, folklor nümunələri yenidən latın qrafikası ilə çap edilərək yayımlanır.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, dosent Liubovi Çimpoeş dinləyicilərin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.