DÜNYA
Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin keçirilməsinə dair proqramı təsdiqləyib
Kişineu, 23 avqust, AZƏRTAC
Avqustun 23-də Moldova Mərkəzi Seçki Komissiyası (MSK) bu il oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin təşkili və keçirilməsinə dair tədbirlərin icrası proqramını təsdiq edib. Bu barədə AZƏRTAC MOLDPRES agentliyinə istinadla xəbər verir.
MSK-nın sədri Alina Russunun sözlərinə görə, təşəbbüs qruplarının qeydiyyatı avqustun 31-dən sentyabrın 9-dək aparılacaq. A.Russu deyib: “Vəsiqələrin verilməsindən sonra ölkə prezidentliyinə namizədlərin dəstəklənməsi üçün imza toplanması prosesi başlayacaq. Sentyabrın 30-da təşəbbüs qrupları toplanmış imza vərəqələrini MSK-ya təqdim edəcək və həmin gündən seçkiqabağı təşviqat başlayacaq”.
MSK sədri bildirib ki, səsvermə saat 7.00-dan 21.00-dək keçiriləcək. Seçicilərin sayının çox olduğu təqdirdə seçki məntəqələrinin fəaliyyət müddəti əlavə olaraq iki saat uzadılacaq.
Mərkəzi Seçki Komissiyası elan edib ki, ölkədə Dövlət Reyestrində qeydiyyatdan keçən səsvermə hüququna malik vətəndaşların ümumi sayı 3,2 milyon nəfərdən çoxdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu