Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Başçısı İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Bu məktubla Sizə öz dərin hörmətimi və Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumuna göstərdiyiniz diqqətə görə xüsusi minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının əhalisi öz vətəndaş borcunu yerinə yetirərək firavan və suveren gələcəyə səs verdi, Sizə etimad göstərib bu gözəl ölkəyə rəhbərliyi yenidən Zati-alinizə həvalə etdi. Siz dövlətin siyasi, iqtisadi və sosial sahələrinin inkişafı üçün yeni layihələr reallaşdırmaqla, vətəndaşların həyat səviyyəsinin daha da yüksəlməsi və milli maraqların müdafiəsi naminə yorulmadan çalışırsınız.

Əminəm ki, Sizin bilik və bacarığınız, təcrübə və müdrikliyiniz ölkəni əmin-amanlığın, sabitliyin bərqərar olduğu daha gözəl gələcəyə aparacaq və Siz Azərbaycan Respublikasının Prezidenti kürsüsündə hələ uzun müddət məhsuldar fəaliyyət göstərəcəksiniz.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Qaqauz Yeri Muxtar Ərazi Qurumuna və Çadır-Lunqa şəhərində Mədəniyyət-Təhsil Mərkəzi binasının tikintisinə göstərdiyiniz hərtərəfli dəstəyə görə Sizə öz minnətdarlığımızı bildiririk.

Ümidvarıq ki, bizim qardaş xalqlarımız arasında məhsuldar əməkdaşlıq bundan sonra da davam edəcək və biz yeni-yeni sosial və iqtisadi layihələri gerçəkləşdirməyə müvəffəq olacağıq.

Dərin hörmətlə və ən xoş arzularla,

 

İrina Vlax

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin