MƏDƏNİYYƏT
“Moldova mənim qəlbimdir” sərgisi açılıb
Bakı, 10 aprel, Arzu Rəcəbova, AZƏRTAC
Aprelin 10-da Müasir İncəsənət Mərkəzində “Frankofoniya həftələri” çərçivəsində rəssamlar Antonina və Vitali Qrişukların əsərlərindən ibarət “Moldova mənim qəlbimdir” adlı sərginin açılışı olub. Tədbir Moldovanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıların diqqətinə çatdırıb ki, sərginin ekspozisiyasına müxtəlif texnikalar – akvarel, tuş, qravüra və s. üzrə işlənmiş 50-dən çox əsər daxil edilib. Tablolarda paytaxt Kişineunun arxitekturası və məişəti, Moldova kəndləri təsvir edilib.
Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka qeyd edib ki, tanınmış Moldova rəssamları Antonina və Vitali Qrişuklar artıq 25 ildir ki, öz ölkələrini onun hüdudlarından kənarda tərənnüm edirlər. O əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkənin mədəni həyatında böyük rol oynayır və xalqlarımızın yaxınlaşmasına xidmət edir.
Vitali Qrişuk sərgiyə gələnlərə göstərdikləri diqqətə və qonaqpərvərliyə görə təşəkkür edib. O söyləyib: “Bu rəsm əsərlərində Moldova insanının ruhu var. Antonina ilə mən onları bakılı tamaşaçılara təqdim etməkdən məmnunuq. Əminəm ki, tablolar sizin xoşunuza gələcək”.
Ekspozisiya böyük maraqla qarşılanıb. Sərgi aprelin 11-dək davam edəcək.