SİYASƏT
Moldova mətbuatında Şuşa şəhəri haqqında məqalə dərc edilib
Kişineu, 9 may, AZƏRTAC
Moldovanın nüfuzlu “Noi.md” və “Ava.md” xəbər portallarında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Şuşa şəhəri haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə səfirin Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, uzun fasilədən sonra orada “Xarı bülbül” festivalının keçirilməsinə dair fikirləri yer alıb.
Məqalədə vurğulanır ki, 28 ildir mayın 8-ni Şuşanın işğal günü kimi anırdıq. İndi isə bu günü tam fərqli ovqatda, nikbin əhval-ruhiyyə ilə qeyd edirik.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! sözləri bu gün də qulaqlarda əks-səda verir, ürəklərdə sevilir”, - deyə səfir vurğulayıb.
Qüdsi Osmanov qeyd edib ki, 1992-ci ildən 8 noyabr 2020-ci ilədək dünyanın hər yerindən gələn azərbaycanlılar 8 may tarixini ağrı və acı ilə xatırlayırdı. 28 il öncə Azərbaycanın Birinci Qarabağ müharibəsindəki strateji məğlubiyyətinin başlanğıc nöqtəsi başladı. Müdrik Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi şücaətli Ordu ötən ilin sonunda Şuşanı geri qaytarsa da, bu ölkənin xalqı tarixin o dövrünü, işğalçıların verdiyi ağrıları heç vaxt unutmayacaq.
8 may 1992-ci il gecəsi, erməni hərbi birləşmələri 366-cı sovet motoatıcı alayının dəstəyi ilə qədim Azərbaycan şəhəri Şuşanı işğal etdi, 196 dinc sakin öldürüldü və 200-dən çox adam yaralandı, 56 nəfər itkin düşdü, tarixi, mədəni və dini abidələr məhv edildi.
“Şuşa işğaldan azad edildikdən sonra yenidən qurulur, bərpa olunur. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəni paytaxtı elan edildi, fəal şəkildə bərpa olunur və tezliklə turistlər üçün açıq olacaq və bütün məcburi köçkünlər buraya qayıda biləcəklər, yenidən evlərində yaşayacaqlar. Dövlət başçısı bu il Şuşada keçirilən Vaqif Poeziya günləri və Xarı bülbül festivalının davam etdirilməsi barədə göstəriş verdi. Hazırda Şuşanın baş planı hazırlanır. Bütün binalar yenidən işlənir”, - deyə səfir məqalədə yazır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu