SİYASƏT


Moldova mətbuatında erməni vandalizmindən bəhs edən məqalə yayılıb

Kişineu, 3 dekabr, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Allahın evinə necə əl qaldırmaq olar?” sərlövhəli məqaləsi Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentlikləri tərəfindən yayılıb.

Məqalədə ermənilərin müharibə başa çatdıqdan sonra xristian kilsələri və abidələri mövzusunda isterikaya başladıqları, bütün gücləri ilə müxtəlif ölkələri və beynəlxalq təşkilatları azad edilmiş Azərbaycan torpaqlarında xristian abidələrinin məhv edilməsi məsələsinə inandırmağa çalışdıqları bildirilir.

Səfir məqaləsində ermənilərin bəhs etdikləri bütün tarixi və dini məbədlərin burada qədim zamanlardan bəri yaşamış albanlara məxsus olduğunu, ermənilərin bu ərazilərə 1828-ci ildən sonra Rusiya imperiyası tərəfindən köçürüldüyünü və Qafqazda tarixi kökləri olmayan ermənilərin burada yaşadıqlarına dair süni şəkildə izlər yaratmaq məqsədilə alban abidələrinin özününküləşdirilməsi və milli mənşəyinin dəyişdirilməsi yolunu seçdiklərini qeyd edir. O, tarixin saxtalaşdırılmasının əsl cinayət olduğunu vurğulayır.

Eyni zamanda, məqalədə Q.Osmanov alban məbədlərinin bir qisminin ermənilərin özləri tərəfindən dağıdıldığını qeyd edir, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı Qərb siyasətçilərini bu barədə narahat olmamağa dair çağırışını xatırladaraq Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələrinin həmişə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirir. O, ölkəmizin ən tolerant ölkə kimi tanındığını, habelə Azərbaycana müasir dünyanın ən mədəni və savadlı liderlərindən birinin rəhbərlik etdiyini diqqətə çatdırır.

Məqaləsinin sonunda Q.Osmanov 30 il ərzində Azərbaycan rəhbərliyinin dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə təcavüzünün dayandırılması çağırışı ilə müraciət etdiyini, bölgədəki 67 məsciddən 64-nün tamamilə dağıdılması və bunlardan üçündə donuz da daxil olmaqla mal-qaranın saxlanılmasına göz yumulduğunu, ermənilərin vandalizminin XXI əsrdə normal davranış olmadığını və beynəlxalq təşkilatların bu həqiqətə diqqət yetirmələrinin vacib olduğunu qeyd edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.