SİYASƏT
Moldova portalı AZƏRTAC-ın xüsusi müxbirinin Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı məqaləsini yayıb
Bakı, 13 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı məqaləsi Moldovanın “Tribuna” informasiya portalında dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Xarici diplomatlar erməni vəhşiliyini öz gözləri ilə görüblər” sərlövhəli məqalədə Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin Gəncəyə səfər edərək Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri qətlə yetirməsinin şahidi olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, səfər zamanı diplomatlar erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olublar.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan diplomatlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını, həmçinin özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən biri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaşanıb. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan atəşə tutması nəticəsində 10 nəfər həlak olub, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır. Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistanın Vardenis rayonundan atəşə tutulub. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası Ermənistan tərəfindən raket atəşinə məruz qalır.
Məqalədə, həmçinin vurğulanıb ki, Gəncənin raket atəşinə tutulması nəticəsində qədim məscid, bir əsr yarım yaşı olan pravoslav kilsəsi zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar, onlar üçün müqəddəs heç nə yoxdur.