SİYASƏT


Moldovada Azərbaycanın tarixi qələbəsi qeyd olunub VİDEO

Kişineu, 11 noyabr, AZƏRTAC

Moldova sakinləri, soydaşlarımız paytaxt Kişineu şəhərinin mərkəzi meydanında Ştefan Çel Marenin abidəsi önünə toplaşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Qüdsü Osmanov çıxış edərək ölkəmizin qazandığı şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürur və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, cəsarəti, diplomatik məharəti, milli Ordumuzun gücü və xalqımızın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.

Daha sonra moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu böyük qələbə münasibətilə təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qazanılan uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.

Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı səfirliyinin əməkdaşları da çıxış edərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında qazandığı şərəfli Qələbəyə görə təbrik ediblər.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın hərbi uğurları və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində çıxış edərək Moldova ictimaiyyətini məlumatlandırıblar. Bundan əlavə, Moldovada Azərbaycan icmasının ağsaqqalı Firuz İsayev təbrik nitqi söyləyərək Kişineu meydanında keçirilmiş tədbirin ilk hissəsini yekunlaşdırıb.

Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı Qələbəsi və ölkəmizin haqlı mövqeyini əks etdirən məlumatlar verib, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan Ümummilli Liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb.

Qələbə münasibətilə səfirlikdə bayram ziyafəti təşkil edilib, tədbir iştirakçılarına milli mətbəximizə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri söyləyiblər. Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.