SİYASƏT
Moldovada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi təntənəli şəkildə qeyd olunub
Kişineu, 11 may, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyi və Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yerli ictimai-siyasi xadimlər, elm və iş adamları, eləcə də 400 nəfərə yaxın Moldovada yaşayan və təhsil alan soydaşımız ailə üzvləri ilə birlikdə iştirak ediblər. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi açılıb, sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.
Tədbirdə səfir Qüdsi Osmanov qonaqları salamlayaraq müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb, Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin keçən il Heydər Əliyevin ən əziz arzusunu gerçəkləşdirdiyini, Azərbaycan torpaqlarını geri qaytararaq Azərbaycan bayrağını Şuşa, Qarabağ üzərində dalğalandırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə, həmçinin MAK-ın sədri Elçin Bayramov, azərbaycanlı diaspor fəalı Maarif Rəhimov və digər qonaqlar çıxış edərək hər il 10 may tarixinin yalnız Azərbaycanda deyil, eləcə də Moldovada və bütün dünyada azərbaycanlılar tərəfindən qeyd olunduğunu bildirib, böyük siyasi xadimin xatirəsinin azərbaycanlıların ürəyində əbədi qalacağını qeyd edib və dahi şəxsiyyətin xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması üçün əvəzsiz xidmətlərindən söhbət açıblar.
Tədbirdə musiqili proqram təqdim olunub. Yeni inşa edilmiş səfirliyin həyətinə həmvətənlərimiz və qonaqlar tərəfindən ağac və qızılgüllər əkilib.
Yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən tədbir Moldova mediasında geniş işıqlandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu