SİYASƏT
Moldovada yaşayan azərbaycanlılar Ermənistanın hərbi təxribatına etiraz edir
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 7-də Moldovada Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fləşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində iki dinc sakinin həlak olmasına etiraz bildirməkdir.
Fləşmob və etiraz yürüşündə Moldovada yaşayan azərbaycanlılar, diaspor təşkilatları üzvlərinin iştirakı gözlənilir. Yürüşdə Ermənistan dövlətinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyən şüarların səsləndirilməsi də planlaşdırılır.