DÜNYA
Moldovada yeni baş prokuror təyin edilib
Kişineu, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Moldova Prezidenti Nikolaye Timofti Eduard Xarunjenanın ölkənin baş prokuroru vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.
AZƏRTAC MOLDPRES-ə istinadla xəbər verir ki, Moldova Prezidenti Aparatının baş katibi İon Pedurarunun sözlərinə görə, yeni baş prokuror dekabrın 8-də Moldova Prezidenti və Prokurorların Ali Şurasının (PAŞ) üzvləri qarşısında and içib.
Eduard Xarunjena 1972-ci il mayın 19-da Yedinets rayonunun Kupçin şəhərində anadan olub. 1994-1996-ci illərdə Kişineu Prokurorluğunda şöbə prokuroru, 1996-cı ildən 2005-ci ilə qədər Daxili İşlər Nazirliyində şöbə rəisinin müavini vəzifələrində çalışıb. 2011-2013-cü illərdə Baş Prokurorluğun xüsusi işlər üzrə prokuroru olub, sonra korrupsiyaya qarşı mübarizə üzrə prokuror və baş prokurorun müavini vəzifələrini tutub. Bu ilin martından baş prokurorun vəzifələrini icra edib.
Prokurorluq haqqında yeni qanuna əsasən, baş prokuror bu vəzifəyə PAŞ-ın təklifi ilə Prezident tərəfindən yeddi il müddətinə təyin edilir. Qanuna görə, o, bu vəzifəyə yalnız bir dəfə təyin edilə bilər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu